Avropa liderləri Rusiyanı qış aylarında enerji atəşkəsinə çağırıb
Almaniya, Fransa, Böyük Britaniya və Ukrayna liderləri münaqişənin dayandırılması istiqamətində ilk addım kimi Rusiyaya qış boyunca qüvvədə olacaq enerji atəşkəsini qəbul etməyi təklif ediblər.
AFN.az xəbər verir ki, bu çağırış Berlin şəhərində keçirilən Ukrayna üzrə Könüllülər Koalisiyasının sammitindən sonra yayımlanan birgə bəyanatda yer alıb.
Almaniya kansleri Fridrix Mertsin ev sahibliyi etdiyi sammitdə Ukrayna Prezidenti Volodimir Zelenski, Fransa Prezidenti Emmanuel Makron, Böyük Britaniyanın Baş naziri Endi Börnham, ABŞ-nin xüsusi nümayəndələri Cared Kuşner və Stiv Uitkoff, eləcə də 40-a yaxın ölkənin liderləri iştirak ediblər.
Birgə bəyanatda döyüşlərin dayandırılmasına yönələn ilk addım kimi Rusiyadan qış ayları ərzində qüvvədə olacaq enerji atəşkəsini qəbul etməsi tələb olunub.
Qlobal ərzaq təhlükəsizliyinin qorunması üçün Qara dənizdə təhlükəsiz keçid və sərbəst gəmiçiliyin əhəmiyyətinə diqqət çəkilən bəyanatda, regiondan ərzaq ixracına imkan verəcək atəşkəs barədə razılığın əldə edilməsinin vacibliyi vurğulanıb.
Liderlər Rusiyanın Ukraynada mülki əhaliyə qarşı raket və pilotsuz uçuş aparatları ilə hücumlarını, həmçinin Avropada həyata keçirilən təxribat, dezinformasiya və kiberhücum kimi hibrid fəaliyyətlərini pisləyiblər. Onlar Ukraynaya uzunmüddətli siyasi, hərbi və maliyyə dəstəyi göstərmək öhdəliklərini bir daha təsdiqləyiblər.
Bəyanatda qış başlamazdan əvvəl, xüsusilə ballistik raketlərin qarşısını alan sistemlər başda olmaqla, Ukraynanın hava hücumundan müdafiə imkanlarının gücləndiriləcəyi bildirilib.
NATO müttəfiqlərinin 2026-cı ildə Ukraynaya 70 milyard avro məbləğində hərbi yardım göstərmək öhdəliyini təsdiqlədiyi, Avropa İttifaqının isə 2027-ci ilin sonunadək 90 milyard avro həcmində hərbi və maliyyə dəstəyi təqdim edəcəyi qeyd olunub.
Bəyanatda Rusiyanın enerji gəlirlərinə, kriptovalyuta axınlarına və kölgə donanmasına qarşı sanksiyaların genişləndiriləcəyi də bildirilib.
Atəşkəs qüvvəyə mindikdən sonra Ukraynaya ABŞ ilə sıx koordinasiya şəraitində hüquqi baxımdan məcburi müdafiə təhlükəsizliyi təminatlarının verilməsinin vacibliyi vurğulanıb. Bu çərçivədə Avropanın rəhbərlik edəcəyi Ukrayna Çoxmillətli Qüvvələrinin və ABŞ-nin rəhbərliyi altında atəşkəsə nəzarət mexanizminin yaradılması imkanlarının nəzərdən keçirilə biləcəyi bildirilib. Polşada keçirilən Koalicja-2026 təlimi də müsbət qiymətləndirilib.
Bəyanatda ABŞ-nin diplomatik səyləri əsasında Ukrayna ilə Rusiya arasında birbaşa dialoqun dəstəkləndiyi vurğulanıb. Beynəlxalq sərhədlərin güc yolu ilə dəyişdirilə bilməyəcəyi, Rusiyanın vurduğu zərəri kompensasiya edənədək dondurulmuş Rusiya aktivlərinin hərəkətsiz qalacağı qeyd olunub.
Həmçinin bildirilib ki, Rusiya BMT Nizamnaməsi və Helsinki Yekun Aktı kimi əsas beynəlxalq hüquq normalarını pozmağa davam etdiyi müddətdə Avropanın təhlükəsizliyi ilə bağlı daha geniş razılaşma əldə etmək mümkün olmayacaq. Danışıqların Avropa İttifaqı və NATO-nu əhatə edən məsələlər üzrə hissələrinin isə müvafiq üzv ölkələrin razılığını tələb edəcəyi vurğulanıb.

