Aİ və 51 ölkə Rusiyaya atəşkəs çağırışı etdi
Avropa İttifaqının 27 üzvü ilə yanaşı, Böyük Britaniya, İsrail, Yaponiya, Cənubi Koreya və Avstraliyanın da daxil olduğu 51 ölkə Rusiyanı tam, dərhal və qeyd-şərtsiz atəşkəsi qəbul etməyə çağırıb.
AFN.az xəbər verir ki, 51 ölkənin nümayəndələri BMT Təhlükəsizlik Şurasının Ukrayna ilə bağlı iclasından əvvəl ABŞ-ın Nyu-York şəhərində birgə bəyanatla çıxış ediblər. Bəyanat 23 sentyabr 2026-cı ildə yayımlanıb.
Bəyanatda Ukrayna ilə həmrəylik ifadə olunaraq Rusiyanın ölkə ərazisində mülki şəxslərə və mülki infrastruktura qarşı hücumları artırmasından dərin narahatlıq bildirilib.
Xüsusilə Qara dənizdəki hücumlardan narahatlıq ifadə olunan bəyanatda Rusiyanın Ukraynanın taxıl ixracını əngəlləməyə çalışdığı və bunun qlobal ərzaq təhlükəsizliyinə risk yaratdığı qeyd edilib.
Bəyanatda Qara dənizdə gəmiçilik azadlığının təmin edilməsi istiqamətində səylərə dəstək ifadə olunub, kommersiya gəmilərinin və kritik infrastrukturun qorunmasının vacibliyi vurğulanıb.
Bəyanata görə, Ukrayna 2025-ci ilin martından etibarən tam, dərhal və qeyd-şərtsiz atəşkəsə razılıq verib. Ölkələr Rusiyanı da sülhə aparan diplomatik danışıqlara doğru addım kimi eyni mövqeyi qəbul etməyə çağırıblar.
Tərəflər arasında etimadın yaradılması üçün Rusiyaya ukraynalı mülki şəxslərin və hərbi əsirlərin ölkələrinə qaytarılmasını təmin etmək çağırışı da edilib.
Bəyanatda Ukraynanın sülh istədiyi və Rusiyanın hərbi əməliyyatlara son qoyaraq atəşkəsi qəbul etməsinin, beynəlxalq hüquqa uyğun hərtərəfli, ədalətli və davamlı sülhə yönəlmiş danışıqlarda iştirak etməsinin vacibliyi vurğulanıb.

