Beynəlxalq Ədalət Məhkəməsi Myanmanı Rohincalara qarşı soyqırımda təqsirli bilib



Haaqada yerləşən Beynəlxalq Ədalət Məhkəməsinin (BƏM) hakimləri Myanma qüvvələrinin Rohinca müsəlmanlarına qarşı soyqırım törətdiyinə, minlərlə insanı öldürdüyünə və genişmiqyaslı cinsi zorakılıq həyata keçirdiyinə qərar veriblər. 

AFN.az xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) məhkəmə orqanı olan BƏM tarixində ilk dəfə bir dövləti soyqırım törətməkdə məsuliyyətli hesab edib.

Qambiyanın Myanmaya qarşı qaldırdığı iddia üzrə qərarı Sülh Sarayında oxuyan Məhkəmənin sədri Yuji İvasava Myanmanın təhlükəsizlik qüvvələrinin minlərlə mülki şəxsi öldürdüyünü, cinsi zorakılıq törətdiyini və Rohinca müsəlmanlarının evlərini yandırdığını bildirib.

Məhkəmə, həmçinin Myanmanın təhlükəsizlik qüvvələri ilə birlikdə hərəkət edən şəxslərin soyqırım törətməsinin qarşısını almaq, soyqırımı və BMT-nin Soyqırım Cinayətinin Qarşısının Alınması və Cəzalandırılması haqqında Konvensiyasında sadalanan digər əməlləri cəzalandırmaq, eləcə də Konvensiyanın icrasını təmin edən hüquqi tənzimləmələr aparmaq öhdəliklərini pozduğuna qərar verib.

BƏM Myanmanın 23 yanvar 2020-ci il tarixli müvəqqəti tədbirlər qərarı çərçivəsində soyqırım iddiaları ilə bağlı sübutların məhv edilməsinin qarşısını almaq və onları qorumaq öhdəliyini də pozduğunu müəyyən edib.

Soyqırımla bağlı əsas qərarın lehinə Məhkəmənin sədri İvasava, hakimlər Hilari Çarlzvort, Leonardo Brant, Xuan Manuel Qomes Robledo, Sara Klivlend, Boqdan Auresku, Dire Tladi, Mahmud Hmud və Qambiyanın təyin etdiyi müvəqqəti hakim Navi Pillay səs veriblər.

Məhkəmə sədrinin müavini Culiya Sebutinde, hakimlər Piter Tomka, Ronni Abraham, Xue Hanqin, Georg Nolte və Myanmanın təyin etdiyi müvəqqəti hakim Klaus Kress isə Myanmanın soyqırım törətdiyi barədə qərara qarşı çıxıblar.

BƏM Myanmanın soyqırıma məruz qalmış Rohinca müsəlmanlarının vurulmuş zərərini də ödəməli olduğuna qərar verib.

Qərarda Myanmadan Rohinca müsəlmanlarının xeyrinə bərpa tədbirləri görməsi tələb olunub. Buna əsasən, Myanmanın qanunsuz əməlləri nəticəsində ölkə daxilində və ya xaricdə məcburi köçkün vəziyyətinə düşmüş Rohinca müsəlmanlarının yaşadıqları yerlərə təhlükəsiz, könüllü və ləyaqətli şəkildə qayıtmaları, eləcə də ailələrin yenidən birləşməsi təmin edilməlidir.

Myanmadan tələb olunan bərpa tədbirlərinə bütün mülklərin qaytarılması, itkin düşənlərin axtarılması və onların Rohinca müsəlmanlarının adət-ənənələrinə uyğun şəkildə yenidən dəfn edilməsi, fiziki və psixoloji reabilitasiya, həmçinin bu icmanın təqiblərdən qorunması da daxildir.

Məhkəmə Myanmanın Konvensiyanı tam şəkildə icra etməyə imkan verən hüquqi tənzimləmələr apararaq davam edən pozuntulara son qoymasına da qərar verib.

Həmçinin Myanmanın 2017-ci ildəki əməliyyatlarla əlaqədar Konvensiyaya zidd əməllər törətməsindən əsaslı şübhə duyulan bütün şəxsləri dərhal və səmərəli şəkildə araşdırması, zərurət yaranarsa, onları mühakimə edib cəzalandırması tələb olunub.

Məhkəmə Myanmadan pozuntuların təkrarlanmayacağına dair təminat və zəmanət verməsini də istəyib.

Məhkəmə insan hüquqları ilə bağlı öhdəliklərdə son hüquq sahiblərinin fərdlər olduğunu xatırladaraq, bu işdə söhbətin soyqırıma məruz qalmamaq hüququndan getdiyini vurğulayıb.

Qərarda zərərçəkənlərin xeyrinə kompensasiya və digər bərpa mexanizmlərinin həm Konvensiyanın məqsədinə, həm də bütün iştirakçı dövlətlərin onun müddəalarına əməl olunmasında ortaq hüquqi marağına xidmət etdiyi bildirilib.

Məhkəmə pozuntuların son dərəcə ağır olduğunu və həmin icmaya qarşı dərin kök salmış düşmənçilik şəraitində baş verdiyini qeyd edib.

BƏM Myanmanın cinayətkarları araşdırmadığını, cəzalandırmadığını və vurulmuş zərərin mövcudluğunu hələ də inkar etdiyini vurğulayaraq, bu səbəbdən ölkədən təminat tələb edib.

Məhkəmə Rohinca müsəlmanlarının Soyqırım Konvensiyası ilə qorunan ayrıca etnik qrup olduğunu müəyyən edib. Qərarda Myanmanın təhlükəsizlik qüvvələrinin minlərlə mülki şəxsi öldürdüyü, uşaqlara qarşı həddindən artıq zorakılıq törətdiyi, cinsi zorakılığa əl atdığı və Rohinca müsəlmanlarının evlərini yandırdığı bildirilib. Həmçinin 2017-ci ildə Myanma təhlükəsizlik qüvvələrinin təxminən 10 min nəfəri öldürdüyünün sübutlarla təsdiqləndiyi qeyd olunub.

Məhkəmə vətəndaşlıq və səyahət məhdudiyyətlərinin ərzaq və dərman vasitələrinə çıxışı əngəllədiyini, düşərgələrdə yaşayan 100 mindən çox Rohinca müsəlmanının son dərəcə ağır şəraitdə yaşadığını müəyyən edib. Bununla belə, icmanın məhv edilməsinə səbəb olacaq həyat şəraitinin qəsdən yaradıldığının qəti şəkildə sübuta yetirilmədiyini bildirib.

BƏM Myanmanın 2005-2018-ci illərdə tətbiq etdiyi xüsusi nikah şərtləri, uşaq sayına qoyulan məhdudiyyətlər və cinsi zorakılıq vasitəsilə Rohinca müsəlmanları arasında doğumların qarşısını almağı hədəflədiyinə tam əmin olduğunu qeyd edib.

Məhkəmə 1982-ci il Vətəndaşlıq Qanununun və digər siyasətlərin qəsdən ayrı-seçkilik xarakteri daşıdığını, Rohinca müsəlmanlarını müdafiəsiz vəziyyətə saldığını müəyyən edib.

Məhkəmə baş general Min Aunq Hlaynq və ordunun sosial şəbəkələrdə koordinasiyalı şəkildə nifrət nitqi yaydığını vurğulayıb. Bu çağırışların yüksək vəzifəli şəxslərdən və ya dövlət qurumlarından qaynaqlanmasının xüsusi əhəmiyyət daşıdığı bildirilib.

BƏM 2016-cı ildəki hərbi əməliyyatlar nəticəsində 80 mindən çox Rohinca müsəlmanının qaçmağa məcbur qaldığını da xatırladıb.

Məhkəmənin bildirdiyinə görə, Myanma ordusunun əməliyyatları seçici xarakter daşıyıb və xüsusilə Rohinca müsəlmanlarını hədəfə alıb. Yalnız bu icmanın yaşayış məntəqələri boşaldılıb və yandırılıb, birbaşa edamlar həyata keçirilib. Rohinca müsəlmanlarına məxsus kəndlərin təxminən 40 faizi dağıdılıb və onların yerində qısa müddət ərzində başqa icmalar yerləşdirilib. Məhkəmənin qənaətinə görə, bu addımlarla Rohinca müsəlmanlarına geri qayıdacaqları yerin qalmadığı mesajı verilib.

Məhkəmə çox sayda azyaşlı uşağın öldürüldüyünü və onların hədəfə alınmasının Rohinca müsəlmanı olmalarından başqa heç bir səbəblə izah edilə bilməyəcəyini vurğulayıb.

Myanmanın əməliyyatların terrorla mübarizə məqsədi daşıdığı barədə müdafiəsinin soyqırım niyyətini istisna etmədiyini bildirən BƏM, həyata keçirilən əməllərin terrorla mübarizə ilə uzlaşmadığını qeyd edib.

Məhkəmə Myanmanın əməllərini izah edə biləcək yeganə ağlabatan nəticənin Rohinca müsəlmanlarını qismən məhv etmək niyyəti olduğu qənaətinə gəlib.

BƏM Myanmanın əsgər və komandirləri soyqırım cinayətinin ağırlığına uyğun şəkildə araşdırmadığını və mühakimə etmədiyini, soyqırımı ölkənin daxili qanunvericiliyində yalnız 2021-ci ildə cinayət kimi tanıdığını bildirib.

Qərarda Myanmanın sübutları böyük ölçüdə məhv etdiyi, BMT-nin faktaraşdırıcı missiyası ilə əməkdaşlıq etmədiyi və 2017-ci il hadisələrinin səmərəli araşdırılmasına faktiki olaraq mane olduğu xatırladılıb.

Myanma ordusu 2017-ci ilin avqustunda Arakan əyalətinin şimalında təmizləmə əməliyyatlarına başlamışdı. Qətliamlar, zorlamalar və kəndlərin yandırılması ilə müşayiət olunan əməliyyatlar nəticəsində yüz minlərlə Rohinca müsəlmanı Banqladeşə sığınmağa məcbur olmuşdu.

Qambiya İslam Əməkdaşlıq Təşkilatının dəstəyi ilə 11 noyabr 2019-cu ildə BƏM-də Myanmaya qarşı iddia qaldırmışdı. Məhkəmə 23 yanvar 2020-ci ildə müvəqqəti tədbirlər barədə qərar qəbul etmiş, 22 iyul 2022-ci ildə isə Myanmanın ilkin etirazlarını rədd etmişdi. İşə 11 ölkə müdaxilə etmiş, mahiyyəti üzrə dinləmələr 12-29 yanvar 2026-cı il tarixlərində keçirilmişdi.

BƏM-in qərarları qəti və məcburidir, onlardan apellyasiya şikayəti vermək mümkün deyil.

BƏM-in Myanma ilə bağlı qərarının Qəzzada soyqırım törətməkdə davam edən İsrailə qarşı Cənubi Afrikanın qaldırdığı iddia üzrə də presedent təşkil edəcəyi gözlənilir.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu