Böyük Britaniya və Norveç Ukraynanın dəniz qüvvələrini gücləndirir
Böyük Britaniya və Norveç Ukraynaya iki sürətli hərbi kater təhvil verəcək.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Britaniya hökumətinin rəhbəri Endi Börnhamın dəftərxanasının yaydığı bəyanatda bildirilib.
Norveçin maliyyələşdirməsi ilə Böyük Britaniyada inşa edilən katerlərin imkanlarının freqatlarla müqayisə oluna biləcəyi qeyd olunub. Bildirilib ki, yeni gəmilər Ukrayna Hərbi Dəniz Qüvvələrinə yüksək manevr qabiliyyətinə malik hücum və hava hücumundan müdafiə vasitələri qazandıracaq.
Müasir hava hücumundan müdafiə, raket silahları və özünümüdafiə sistemləri ilə təchiz edilən katerlərin Qara dənizdəki taxıl dəhlizinin təhlükəsizliyini təmin etməyə, həmçinin Ukraynanın iqtisadiyyatı və qlobal ərzaq təhlükəsizliyi üçün mühüm əhəmiyyət daşıyan ixracını dəstəkləməyə kömək edəcəyi vurğulanıb.
Hərbi yardım paketinin dəyəri 100 milyon funt sterlinqdən (132 milyon dollar) çox qiymətləndirilir. Yardım barədə Berlində cümə axşamı keçiriləcək “Könüllülər koalisiyası”nın sammiti ərəfəsində elan olunub.
Rusiya tərəfi dəfələrlə bəyan edib ki, Kiyevə hərbi yardımın artırılması böhranın uzanmasına səbəb olur və silah tədarük edən ölkələri törədilən cinayətlərə şərik edir.

