Bolqarıstanda dövlət qurumlarına kiberhücum: 62 milyon səhifədən çox sənəd ələ keçirilib
Bolqarıstanda dövlət qurumlarının informasiya sistemlərinə beş il ərzində həyata keçirilən kiberhücumlar nəticəsində 62 milyon səhifədən çox sənədin ələ keçirildiyi bildirilib.
AFN.az xəbər verir ki, ölkənin İnnovasiya və Rəqəmsal Transformasiya naziri İvan Vasilev dövlət qurumlarına qarşı məlum olan ən uzunmüddətli kiber-casusluq hücumunun uğurla qarşısının alındığını açıqlayıb.
Vasilev mətbuata açıqlamasında çoxsaylı beynəlxalq haker qruplarının 2021-ci ildən etibarən dövlət qurumlarının sənəd mübadiləsi üçün istifadə etdiyi sistemlərə gizli giriş əldə etdiyini və dövlətin fəaliyyəti ilə bağlı həssas məlumatları topladığını bildirib.
Hücum edənlərin ən azı 130 giqabayt həcmində, 62 milyon səhifədən çox dövlət sənədini ələ keçirdiyini deyən Vasilev indiyədək Bolqarıstan vətəndaşlarının şəxsi məlumatlarının pozulduğuna dair hər hansı sübut aşkarlanmadığını qeyd edib.
İvan Vasilev kiberhücumların illərlə aşkar edilməməsinin köhnə mühafizə sistemlərinin vahid şəkildə işləməməsi ilə bağlı olduğunu bildirib. Onun sözlərinə görə, sözügedən fəaliyyətlər yeni milli kibertəhlükəsizlik sisteminin işə salınması ilə üzə çıxarılıb.
Hücum edənlərin hansı ölkələrdən olduqları barədə məlumat verməyən Vasilev onların istifadə etdiyi infrastrukturla əlaqənin kəsildiyini və zərərli proqram təminatının dövlət sistemlərindən tamamilə təmizləndiyini açıqlayıb.


