Hindistanda Akvan siklonu səbəbindən 63 minə yaxın insan təxliyə edilib
Hindistanın şərqində yerləşən Odişa ştatının altı rayonunda Akvan siklonu səbəbindən təxminən 63 min insan təhlükəsiz sığınacaqlara köçürülüb.
AFN.az xəbər verir ki, ştat hökumətinin ABŞ-ın X şirkətinə məxsus sosial şəbəkə platformasındakı hesabında yayılan məlumatda siklonun Gancam, Qacapati, Puri, Badrak, Malkangiri və Rayagada rayonlarında həyata mənfi təsir göstərdiyi bildirilib.
Məlumata görə, Gancam rayonunda 36 min 398, Qacapatidə 16 min 863, Puridə 6 min 310, Badrakda 2 min 334, Malkangiridə isə 910 nəfər təhlükəsiz sığınacaqlara yerləşdirilib. Rayagada rayonunda təxliyə olunanların dəqiq sayı açıqlanmayıb.
Paylaşımda rayonlardakı sığınacaqlarda təmiz su, qida və ilkin tibbi ehtiyacların təmin edildiyi, təxliyə işlərinin isə davam etdiyi qeyd olunub.
Akvan siklonunun təsir göstərdiyi ərazilərdə təcili xilasetmə qruplarının, tibb işçilərinin və yanğınsöndürənlərin hazır vəziyyətdə olduğu bildirilib.
Həmçinin bölgələrdə torpaq sürüşməsi riski olan 941 kəndin müəyyən edildiyi və təxliyə tədbirlərinin davam etdirildiyi vurğulanıb.
Hindistan Meteorologiya Departamenti (IMD) isə güclü Akvan siklonunun sabah günortaya qədər Andhra-Pradeş ştatının şimalı, Yanam bölgəsi və Odişanın cənubu yaxınlığında quruya çatmasının gözlənildiyini açıqlayıb.
IMD fırtınanın saatda 90-100 kilometr sürətlə hərəkət edəcəyini, küləyin sürətinin isə saatda 110 kilometrə qədər yüksələ biləcəyini bildirib.
Qeyd edək ki, Hindistanda yaxın vaxtlarda Murasu və Arnab adlı iki güclü siklon müşahidə olunub. Bu siklonlar Andhra-Pradeş ştatında böyük dağıntılara səbəb olub.

