Çində Delfin tayfunu: 1 milyondan çox insan təxliyə edildi
Çin hakimiyyət orqanları Delfin tayfununun quruya çatmasından sonra Şanxay da daxil olmaqla ölkənin şərqində 1 milyondan çox insanı evlərindən təxliyə edib.
AFN.az xəbər verir ki, meteorologiya rəsmiləri fırtınanın Çjetszyan əyalətinin Yuhuan şəhərində ilk dəfə quruya çatdığı zaman sürətinin saatda 150 kilometrə çatdığını açıqlayıb. Tayfun təxminən bir saat sonra Vençjou şəhərində ikinci dəfə quruya çıxıb.
Fırtına bölgə üzrə nəqliyyatın dayanmasına səbəb olub. Təkcə Şanxayda 1400 uçuş ləğv edilib.
Çinli rəsmilər daha əvvəl Delfin tayfunu ilə bağlı ən yüksək səviyyə olan qırmızı həyəcan siqnalı elan etmişdi, lakin fırtınanın səviyyəsi bazar ertəsi səhər etibarilə tropik fırtınaya endirilib.
Fırtınanın Çinin daxili bölgələrinə doğru irəlilədiyi bildirilib. Rəsmilər çərşənbə gününə qədər güclü yağış, sel və torpaq sürüşməsi riskinin davam etdiyi barədə xəbərdarlıq edib.
Bazar ertəsi günü Şandun, Henan, Hubey, Anhuy, Szyansu və Çjetszyan əyalətləri ilə Şanxay şəhəri üçün güclü yağış proqnozlaşdırılıb.
Yerli idarələr əhaliyə ictimai yerlərdə keçirilən fəaliyyətlərdən çəkinmək çağırışı edib. Disneyland, Legoland və Şanxaydakı Bund sahilində yerləşən müşahidə meydançaları da daxil olmaqla çoxsaylı turistik məkan bağlı saxlanılıb.
Dövlət mediasında yayılan görüntülərdə Şanxayda turistlərin böyük maraq göstərdiyi keçmiş Fransa məhəlləsindəki obyektlərin su altında qaldığı və insanların suların içində hərəkət etdiyi görülüb.
Dövlət mediasının yaydığı xəbərlərə görə, Çjetszyan əyalətinin Venlin şəhərində 9 yaşlı oğlan uşağı dənizə sürüklənərək itkin düşüb. Çinli rəsmilər hələlik hər hansı insan tələfatı barədə məlumat verməyib.
Meteorologiya mütəxəssisləri Çjetszyanın bəzi bölgələrinə qarşıdakı bir neçə gün ərzində 250-500 millimetr yağış düşə biləcəyini açıqlayıb.
Çjetszyanın əyalət paytaxtı Hançjouda səlahiyyətli qurumlar fırtına və sel sularından yayınan sürücülər üçün bütün ictimai ərazilərdə parklanma haqlarını ləğv edib.
Əyalətin digər bölgələrində isə Vençjou rəsmiləri təxminən 900 min sakini təhlükəsiz ərazilərə köçürüb və 1000-dən çox təcili vəziyyət sığınacağı açıb. Tayçjou şəhərində isə təxminən 390 min insan evlərindən təxliyə edilib.
Sahil əyaləti Fuczyanda dənizçilik üzrə səlahiyyətli qurumlar onlarla sərnişin bərəsinin fəaliyyətini dayandırıb və 100-dən çox dənizdə tikinti layihəsini müvəqqəti olaraq dondurub.
Çin dövlət televiziyası CCTV-nin məlumatına görə, fırtına quruya çatmazdan əvvəl 6 min kilometrlik uzun məsafə qət edib. Bu vəziyyət fırtınanın orta hesabla bir tayfundan üç dəfə daha uzun müddət davam etdiyini göstərib.
CCTV həmçinin fırtınanın geniş təsir dairəsinə və yüksək yağıntı potensialına malik olduğunu bildirib.
Fırtına ilə bağlı yanlış məlumatların Çin internetində sürətlə yayıldığı bildirilib. Dövlət mediası bu cür məzmunları yayan iki nəfərin saxlanıldığını açıqlayıb.
Saxlanılan şəxslərdən 60 yaşlı kişinin süni intellektdən istifadə edərək Şanxayda fırtına zamanı bir nəfərin binadan yıxıldığını iddia edən saxta video hazırladığı bildirilib. 32 yaşlı digər şəxsin isə sosial media istifadəçilərinin paylaşdığı fırtına görüntülərini yanıltıcı şəkildə yenidən montaj etdiyi qeyd edilib.
Delfin tayfunu Çinə çatmazdan əvvəl Filippin, Tayvanın şimal bölgələri və Yaponiyanın Okinava adasında güclü yağışlara səbəb olub.
Filippin Mülki Müdafiə İdarəsi tayfun və həftənin əvvəlində baş verən fırtınaların səbəb olduğu musson yağışları nəticəsində Filippində 8 nəfərin həyatını itirdiyini açıqlayıb. Ölkə üzrə təxliyə mərkəzlərində 7 mindən çox insanın yerləşdirildiyi bildirilib.
Yaponiyanın Okinava əyalət administrasiyasından verilən açıqlamada 5 yaşlı şəxsin yaralandığı bildirilib. Yaralanmaların həyati təhlükə yaratmadığı və onlardan 3-nün güclü külək səbəbindən yıxılaraq xəsarət aldığı qeyd edilib.
Honkonqda isə rəsədxana tayfunun şəhərə isti hava gətirməsi səbəbindən bazar günü 36,9 dərəcə ilə rekord temperatur qeydə alıb.
Qərbi Sakit okeanda tayfun mövsümü adətən tayfunların daha çox müşahidə edildiyi may və oktyabr ayları arasında baş verir. Mütəxəssislər bu ilin güclü El Nino ili olmasının tayfunların daha şiddətli xarakter almasına səbəb ola biləcəyini bildirirlər.
