Vyetnamda Kajiki tayfunu səbəbindən 500 mindən çox insan təxliyə edilir
Çindən sonra Vyetnamda da yaxınlaşan Kajiki tayfunu ilə bağlı güclü yağış, sel və torpaq sürüşməsi riskinə qarşı xəbərdarlıq edilib. 586 mindən çox insanın təxliyə olunmasına qərar verilib.
Çinin cənubundakı Haynan adasında yaxınlaşan Kajiki tayfunu səbəbilə verilən 4-cü səviyyə xəbərdarlığının ardınca Vyetnam da fövqəladə vəziyyətə keçib.
Vietnam News-un xəbərinə görə, Vyetnam Milli Hidrometeoroloji Proqnoz Mərkəzi yaxınlaşan Kajiki Tayfunu ilə əlaqədar bəzi bölgələrdə güclü yağış, sel və torpaq sürüşmələrinə qarşı əhalini xəbərdar edib.
Bəzi çaylarda suyun səviyyəsinin artması səbəbilə sel riskinə qarşı 2-ci və 3-cü səviyyə xəbərdarlığı verilib.
Müdafiə Nazirliyi tayfunun təsirləri ilə mübarizə çərçivəsində təxminən 350 min hüquq-mühafizə əməkdaşını və 8 min 200 hərbi texnikanı işə cəlb edib.
Xatırladaq ki, Çinin cənubundakı Haynan adasında dünən yaxınlaşan Kajiki tayfunu ilə əlaqədar 4-cü səviyyə fövqəladə vəziyyət elan olunmuşdu.
Kajiki tayfunu bu il Sakit okeanda yaranan 13-cü tayfun kimi qeydə alınıb.



