Fransadakı iğtişaşların vurduğu zərər 207 milyon avroya çatıb
Fransada oktyabrın 17-18-də baş verən kütləvi iğtişaşların vurduğu zərərin 207 milyon avroya çatacağı ehtimal olunur.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə ölkənin sığorta şirkətlərini birləşdirən "France Assureurs" assosiasiyasının açıqlamasında bildirilib.
Qeyd olunub ki, 5 280 sığorta hadisəsi üzrə ümumi zərərin 207 milyon avroya çatacağı gözlənilir. Qiymətləndirmə noyabrın 12-dək daxil olan məlumatlar əsasında aparılıb.
Zərərin əsas hissəsi sahibkarlıq subyektlərinin əmlakına dəyib. Bu kateqoriya üzrə itkilər 198 milyon avro təşkil edir ki, bu da ümumi məbləğin 95 faizindən çoxdur. Fiziki şəxslərin əmlakına dəyən zərər 3,5 milyon avro, avtomobillərə dəyən zərər isə 6 milyon avro qiymətləndirilir.
Assosiasiya vurğulayıb ki, iğtişaşların qısa müddət davam etməsinə baxmayaraq, vurulan zərər olduqca yüksəkdir. Qarışıqlıqlar ölkənin bir neçə şəhərini əhatə edib, mağazaların dağıdılması və talan edilməsi ilə müşayiət olunub.
Sığorta şirkətləri iğtişaşlarla bağlı sığorta hadisələri üzrə müraciət müddətini 5 gündən 30 günə qədər uzadıblar. Assosiasiya bildirib ki, müraciətlərə baxıldıqca və ekspertizalar aparıldıqca ilkin zərər qiymətləndirməsinə yenidən baxıla bilər.

