Almaniya və Avstriya TikTok-un Avropa şirkətlərinin nəzarətinə verilməsini istəyir
Almaniya və Avstriya məlumat təhlükəsizliyini təmin etmək və rəqəmsal suverenliyi gücləndirmək məqsədilə Çində yerləşən TikTok sosial şəbəkəsinin Avropadakı fəaliyyətinin Avropa mülkiyyət strukturuna verilməsi üçün birgə təşəbbüs irəli sürüb.
AFN.az xəbər verir ki, iki ölkə platformanın Avropa əməliyyatlarının Avropa şirkətlərinin nəzarətinə keçməsinə çağırıb.
Almaniyanın Mədəniyyət və Media məsələləri üzrə dövlət naziri Volfram Vaymer və Avstriyanın Rəqəmsallaşma məsələləri üzrə dövlət katibi Aleksandr Prellin yaydığı birgə bəyanatda Avropada aylıq təxminən 200 milyon istifadəçisi olan platformanın ictimai rəyin formalaşmasında mühüm rol oynadığı bildirilib.
Böyük platformaların tövsiyə alqoritmləri vasitəsilə istifadəçilərin qarşısına çıxan məzmunlara birbaşa təsir göstərdiyinə diqqət çəkilən bəyanatda cəmiyyətin əsas elementlərinin avtoritar aktorların nəzarətində olan Avropadan kənar şirkətlər tərəfindən müəyyən edilə bilməyəcəyi vurğulanıb.
Bəyanatda rəqəmsal suverenliyin demokratik ictimai məkanın dayanıqlılığı və nəticə etibarilə milli təhlükəsizlik məsələsi olduğu qeyd edilib.
TikTok-un məlumatları Çinə ötürməklə Avropanın məlumatların qorunması qanunlarını pozduğu iddia edilən bəyanatda problemin əsas mənbəyinin platformanın Çin mənşəli ana şirkəti ByteDance və Çin dövlətinin milyonlarla avropalının məlumatlarına qeyri-müəyyən çıxış imkanına malik olması olduğu bildirilib.
Bəyanatda TikTok-un avropalaşdırılması təşəbbüsünün dəstəkləndiyi vurğulanaraq bütün Avropa dövlətləri bu ittifaqa qoşulmağa dəvət edilib.
Açıqlamada kritik infrastrukturlarda tətbiq edilən avadanlıq qaydalarının rəqəmsal xidmətlərə də şamil olunmalı olduğu bildirilib. Bu kontekstdə Almaniyada ilin sonunadək Huawei və ZTE şirkətlərinin komponentlərinin 5G əsas şəbəkələrindən çıxarılması nümunə göstərilib.
Almaniyanın dövlət naziri Volfram Vaymer fevral ayında da TikTok-un Avropadakı fəaliyyətinin Avropa media şirkətlərindən ibarət konsorsiuma verilməsini təklif etmişdi. Almaniyanın Axel Springer media qrupunun baş icraçı direktoru (CEO) Matias Döpfner də oktyabr ayında bu modelə dəstək vermişdi.
Oxşar proses ABŞ-da da yaşanıb. ByteDance qanuni tələb əsasında yanvar ayında platformanın ABŞ-dakı fəaliyyəti üçün səhmlərinin əksəriyyəti amerikalı investorların nəzarətində olacaq birgə müəssisənin yaradılması barədə razılığa gəlib.


