FDA mirvari qabıqlarından hazırlanan sümük bərpa materialına icazə verib



Davamlı mənbələrdən əldə edilən mirvari qabıqlarından hazırlanan PearlBone Putty 1600 ABŞ Qida və Dərman Administrasiyasının (FDA) 510(k) təsdiqini alıb. 

AFN.az xəbər verir ki, bu qərar məhsulun ABŞ-da sümük zədələrinin bərpasında istifadə olunan material kimi satışına və bazara çıxarılmasına imkan verir.

Mirvari qabıqlarının daxili səthindəki parlaq təbəqə olan sədəfdən hazırlanan bu məhsul ilk əvəzedici sümük transplantatı materialı hesab olunur. Xammalın sümükləri yerində möhkəmləndirmək üçün yararlı vəziyyətə gətirilməsi xüsusi emal prosesini tələb edir və məhsulun hazırlanması uzun illər davam edən tədqiqatlara əsaslanır.

PearlBone-un arxasında duran tədqiqat qrupu sədəfdəki kalsium karbonatı 24 saat ərzində transplantasiya üçün hazır insan sümüyünün kalsium-fosfatına çevirən kimyəvi reaksiya hazırlayıb.

PearlBone komandasının üzvü, Qərbi Avstraliya Universitetinin regenerativ biologiya üzrə mütəxəssisi Minqhao Çjenq bildirib ki, onlar mirvari qabıqlarının minerallaşmış quruluşu olan sədəfi sümüyün mineral matrisi ilə kompozit materiala çevirən texnologiya hazırlayıb və patentləşdiriblər.

Çjenqin sözlərinə görə, təbiətdə milyonlarla il davam edən biominerallaşma prosesini bir gün ərzində tamamlamaq mümkün olub.

PearlBone tədqiqatçıları işlərinin bir hissəsini daha əvvəl Materials & Design jurnalında dərc ediblər. Həmin araşdırmada sədəf əsaslı kalsium ortofosfat kompozitinin (NCOC) hazırlanma üsulu ətraflı təsvir olunub.

Qərbi Avstraliya sahillərində yaşayan Pinctada maxima növünə aid mirvari qabıqlarından istifadə edilən proses çanaqların üyüdülərək toz halına salınmasını, daha sonra isə bu tozun kalsium-fosfat duzu və su ilə qarışdırılmasını nəzərdə tutur.

Tədqiqatçılar dərc etdikləri məqalədə öz-özünə bərkiyən reaksiyalar nəticəsində hazırlanan NCOC-nin sürətləndirilmiş bioloji parçalanma və sümük əmələ gəlməsini stimullaşdırma kimi üstünlüklər təqdim etdiyini bildiriblər. Onların fikrincə, bu xüsusiyyətlər materialı sümüklərin effektiv bərpası üçün perspektivli əvəzediciyə çevirir.

Bu texnologiya davamlılıq baxımından da əhəmiyyət daşıyır. Belə ki, proses mirvari yetişdirilməsi sənayesində yaranan və əks halda tullantıya çevriləcək əlavə məhsullardan istifadə etməklə mirvari qabıqlarının təkrar emalını təmin edir.

PearlBone gələcəkdə zədə və ya cərrahi əməliyyat nəticəsində zərər görmüş demək olar ki, istənilən sümükdə istifadə oluna bilər. Bununla belə, FDA-nın tələblərinə əsasən, sümük transplantatı materialları ümumilikdə sümüyün sabitliyinin ayrılmaz hissəsini təşkil edə bilməz.

Başqa sözlə, məhsul sümük sağalana qədər lövhə və vintlər kimi digər fiksasiya vasitələrinin yanında boşluqları doldurmaq üçün istifadə olunur.

Materialın diqqətçəkən xüsusiyyətlərindən biri təbii sümük hüceyrələrini boşluqları doldurmağa təşviq etməsidir. Xüsusi tənzimlənmiş quruluşu vasitəsilə sümüyün yenidən böyüməsini dəstəkləyən material sonda normal sümük toxuması ilə əvəzlənir.

Tədqiqatçıların sözlərinə görə, NCOC bioloji uyğunluğa malik və parçalana bilən kalsium duzlarından ibarət mürəkkəb tərkibə sahibdir. Material mexaniki möhkəmliyini qoruya, laboratoriya şəraitində isə hüceyrələrin ona yapışmasını, çoxalmasını və sümük əmələ gəlməsini dəstəkləyə bilir.

PearlBone-un xəstəxana və klinikalarda istifadəyə verilməsi istiqamətində atılan bu addım sümük transplantasiyasının mövcud üsullarına alternativ yarada bilər. Hazırda ən geniş yayılmış seçimlərdən biri xəstənin bədəninin başqa nahiyəsindən sümük götürülməsidir. Bu üsul uyğunluq baxımından üstünlük yaratsa da, ağrıya və əməliyyat müddətinin uzanmasına səbəb ola bilər.

Süni sümük əvəzediciləri də mövcuddur, lakin onlar hər zaman eyni dərəcədə uyğun nəticə vermir. Bundan başqa, həmin materialların davamlılığı və orqanizm tərəfindən sorulma sürəti baxımından məhdudiyyətləri ola bilər.

PearlBone Putty 1600 hələ sümük transplantasiyası üçün dərhal istifadəyə verilməyəcək. Məhsula cavabdeh olan Marine Biomedical biotexnologiya şirkəti onun istehsalı, eləcə də klinik və kommersiya tərəfdaşlarına satışı üçün ABŞ-dakı tərəfdaşları ilə əməkdaşlıq etməlidir.

Bu sahədə elmi əhəmiyyətlə yanaşı, böyük maliyyə potensialı da mövcuddur. İllik həcmi təxminən 1,1 milyard dollar qiymətləndirilən ABŞ ortopedik məhsullar üzrə dünyanın ən böyük bazarıdır.

Marine Biomedical şirkətinin baş icraçı direktoru Rolee Kumar bildirib ki, FDA-nın təsdiqi uzun illər davam edən elmi tədqiqatların və böyük fədakarlığın nəticəsidir.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu