Cambridge lüğəti 2026-cı ilin sözünü seçib
Cambridge lüğəti 2026-cı ilin sözü kimi ingilis dilində insan mənasını verən human sözünü seçib.
AFN.az xəbər verir ki, lüğətdə bu söz heyvanlardan və maşınlardan fərqli olaraq insanlara xas keyfiyyətlərə, qüsurlara və duyğulara malik olmaq kimi izah edilir.
Cambridge lüğətinin leksikoqrafı Kolin Makintoş süni intellektin insan olma anlayışı haqqında danışıq tərzini dəyişdirdiyini bildirib.
Makintoş qeyd edib ki, düşünmə proseslərini xarici mənbələrə həvalə etdikdə nələri itirə biləcəyimizlə bağlı narahatlıqlar ən yüksək səviyyəli riyaziyyatçılardan tutmuş kiçik yaşlı uşaqların müəllimlərinədək hər kəsin süni intellektə nə dərəcədə etibar etdiyini yenidən nəzərdən keçirməsinə səbəb olub.
Human sözünün ənənəvi olaraq insanları heyvanlardan, son dövrlərdə isə maşınlardan fərqləndirdiyini deyən Makintoş, son vaxtlar human-made (insan tərəfindən hazırlanmış) kimi mürəkkəb sözlərin artmasının insan əməyinin məhsullarını və insana xas xüsusiyyətləri süni intellekt tərəfindən yaradılanlardan ayırmaq cəhdini göstərdiyini vurğulayıb.
Makintoş insan olmaq ideyasına marağın yenidən artmasının dövrün ruhunu əks etdirdiyini və human sözünün Cambridge lüğətində ilin sözü seçilməsinə səbəb olduğunu bildirib.
Cambridge lüğətinin seçimini şərh edən Microsoft-un qurucusu Bill Qeyts süni intellektin insan olmağın nə demək olduğu barədə daha dərindən düşünməyə vadar etdiyini deyib. Onun sözlərinə görə, süni intellekt xəstəliklərin müalicəsinə, təhsilin inkişafına və insanların ən çox əhəmiyyət verdikləri işlərə daha çox vaxt ayırmasına kömək edə bilər.
İnsanların süni intellektin həyatlarına necə uyğunlaşacağı ilə bağlı diqqətli seçimlər etməli olduqlarını vurğulayan Qeyts əlavə edib ki, süni intellektin uğuru insanların həyatını nə dərəcədə yaxşılaşdırması ilə ölçülməlidir.
Cambridge Universitetinin elm fəlsəfəsi üzrə mütəxəssisi doktor Tom MakKlelland isə insanlıq anlayışının hazırda dəyişməsi səbəbindən human sözünün ilin sözü seçilməsinin olduqca maraqlı qərar olduğunu bildirib.
MakKlelland qeyd edib ki, insan zehni ilə süni zəka, bizim kimi canlı varlıqlarla yaratdığımız süni varlıqlar arasındakı fərqi anlamağa çalışırıq. Onun sözlərinə görə, insanları fərqləndirən xüsusiyyətin şüur, yaradıcılıq, yoxsa mərhəmət olması sualı gündəmdədir. MakKlelland süni intellekt ətrafında müzakirələrin əsasən gələcəkdə baş verəcəklərə yönəldiyini, lakin süni intellektlə formalaşan dünyada böyüyən gənclərə heç nəyin qaçılmaz olmadığını xatırlatmaq istədiyini vurğulayıb. O bildirib ki, süni intellektin gələcəyinin necə olacağı insanlardan, o cümlədən gənclərdən asılıdır.
İlin sözü seçimi üçün digər namizədlər arasında insan nəzarəti olmadan mürəkkəb şəkildə işləyə bilən süni intellekt sistemlərini ifadə edən agent sözü, eləcə də wholesome (sağlam, faydalı) və analogue (analoq) sözləri yer alıb.
Lüğətə əlavə edilən yeni sözlər arasında cəlbedici və ya təsirli görünməyə çalışmaq mənasını verən aura farming, eləcə də fiziki görünüşü yaxşılaşdırmaq cəhdini ifadə edən looksmaxxing kimi sosial media terminləri də var.
Cambridge lüğəti, həmçinin süni intellektin iş yerlərini əvəzləməsi ilə bağlı narahatlıqların artması fonunda köhnəlmək və ya yararsız hala düşmək qorxusunu ifadə edən FOBO qısaltmasını da lüğətə daxil etməyi nəzərdən keçirir.


