Ceff Bezos yeni Ceyms Bondun seçilmə prosesini açıqlayıb
Amazon şirkətinin qurucusu, amerikalı milyarder Ceff Bezos yeni Ceyms Bond filmində 007 obrazını canlandıracaq aktyorun seçilməsi prosesində fəal iştirak etdiyini və Robert Pattinsonın namizədliyinin müəyyənləşdirilməsində rol oynadığını bildirib.
AFN.az xəbər verir ki, Bezosun sözlərinə görə, yekun qərar noyabrın 13-də, cümə günü qəbul edilib.
ABŞ-ın Kaliforniya ştatında keçirilən konfransda çıxış edən Bezos yeni Ceyms Bond obrazının seçilməsi prosesindən danışıb.
O, seçim prosesinin çox ciddi aparıldığını və yekun qərarın noyabrın 13-də verildiyini söyləyib.
Amazon rəhbəri kimi aktyor seçimi prosesində fəal iştirak etdiyini bildirən Bezos finala qalan beş namizədin ənənəvi üsulla kamera sınağından keçirildiyini qeyd edib. Onun sözlərinə görə, sınaqlar tam kostyumda, real çəkiliş meydançalarında və digər aktyorların iştirakı ilə aparılıb.
Finala qalan aktyorların adlarını açıqlamayan Bezos onların fövqəladə istedada malik olduğunu vurğulayıb. O bildirib ki, əvvəlcə daha az tanınan aktyoru seçmək istəyiblər, lakin kamera sınağından sonra Pattinsonun Ceyms Bond obrazı üçün ən uyğun namizəd olduğu qənaətinə gəliblər.
Amazon MGM Studios noyabrın 16-da yaydığı açıqlamada britaniyalı aktyor Robert Pattinsonın yeni Ceyms Bond filmində 007 obrazını canlandıracağını elan edib.
Açıqlamada fikirlərinə yer verilən Pattinson Ceyms Bondun kino tarixinin əfsanəvi obrazlarından biri olduğunu bildirib. O, 007 rolunun ona həvalə edilməsini həyatının ən böyük şərəfi adlandıraraq, etimad göstərdiklərinə görə rejissor Denis, Emi, Devid, Tanya və Amazon MGM Studios-un bütün əməkdaşlarına minnətdarlığını ifadə edib. Aktyor bu rolun arzusunun gerçəkləşməsi olduğunu və belə möhtəşəm komanda ilə işləyəcəyi üçün böyük həyəcan keçirdiyini söyləyib.


