Tanınmış həkim Naxçıvanda qalıb: bilet tapa bilmir - ETİRAZ
Naxçıvana yas mərasiminə gəlmişəm. Artıq geri qayıtmaq üçün bir neçə gündür bilet ala bilmirik.
AFN.az xəbər verir ki, bunu tanınmış həkim Zaur Əhmədov özünün sosial şəbəkə hesabında yazıb. O qeyd edib ki, Bakıda əlavə reys açılan kimi bileti onlayn almaq mümkündür, Naxçıvandan Bakıya isə onlayn satışa imkan verilmir.
"Sərnişin hava limanına gəlməli, şəxsiyyət vəsiqəsi ilə növbə götürməli və saatlarla, hətta günlərlə gözləməlidir. Mən həkiməm. Bakıda müayinə və müalicəsini gözləyən pasiyentlərim var. Mənim kimi neçə-neçə insanın işi, ailəsi və məsuliyyəti bu səbəbdən yarımçıq qalır. Niyə Naxçıvandan uçan sərnişinlərə Bakıdan uçanlarla eyni onlayn bilet almaq imkanı yaradılmır? Naxçıvan sakinləri və buradan qayıtmaq istəyən insanlar niyə günlərlə hava limanında növbə gözləməlidir? AZAL-dan tələbimiz sadədir: əlavə reys biletləri onlayn satışa açılmalı, sərnişinlər üçün şəffaf və bərabər şərait yaradılmalıdır. Naxçıvandan uçmaq da Azərbaycanın digər bölgələrindən uçmaq qədər əlçatan olmalıdır!" - deyə Z.Əhmədov bildirib.



