FTB: ARTEX kiberhücumları avtomatlaşdırmaq üçün istifadə olunur



ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) kiberhücumları avtomatlaşdırmaq üçün istifadə edilən ARTEX adlı açıq mənbəli süni intellekt aləti ilə bağlı xəbərdarlıq yayıb. 

AFN.az xəbər verir ki, qurumun məlumatına görə, bu vasitə kibercinayətkarlara hücumları daha sürətli həyata keçirməyə imkan yaradır.

FTB-nin bildirdiyinə görə, avqust ayından etibarən müxtəlif zərərli niyyətli kiberqruplar ARTEX-dən istifadə edərək dünyanın müxtəlif bölgələrində təşkilatları hədəf alan hücum kampaniyaları həyata keçiriblər. Bu kampaniyalar maliyyə xidmətləri, dövlət qurumları, texnologiya, müdafiə, yarımkeçiricilər, enerji, səhiyyə, istehsalat, telekommunikasiya və hüquq sektorları da daxil olmaqla bir çox sahəni əhatə edib.

Xəbərdarlıqda süni intellekt dəstəkli alətin zərərli aktorlara hücumları daha qısa müddətdə həyata keçirmək imkanı verdiyi qeyd olunub.

FTB-nin xəbərdarlıq mətnində bildirilib ki, ARTEX hücum texnikalarını bir-biri ilə əlaqələndirmək üçün tələb olunan vaxtı əhəmiyyətli dərəcədə azaldır. Bəzi sistemlərə sızma cəhdləri ilkin hədəfləmədən imtiyazlı giriş əldə edilməsinədək üç saatdan az müddətdə irəliləyir.

Son vaxtlar Cənubi Koreyadakı maliyyə qurumları da ARTEX vasitəsilə həyata keçirilən hücumların hədəfinə çevrilib.

FTB rəsmilərindən birinin sözlərinə görə, ARTEX-dən sui-istifadənin son günlərdə qeydə alınan digər kiberproblemlərlə əlaqəsi görünmür. Bunlara Milli Təhlükəsizlik Agentliyinin (NSA) daxili şəbəkəsindəki problemlər, JPMorgan Chase ilə əlaqəli bank xidmətlərindəki fasilələr, Optimizely üzərindən bildirilən veb-saytlara zərərli proqram hücumları, ölkə üzrə uçuşların dayandırılmasına səbəb olan yeniləmə problemi və Microsoft Outlook xidmətindəki fasilə daxildir.

FTB yaydığı xəbərdarlığın yeni açıqlama olmadığını da xüsusi vurğulayıb.

Qurum X sosial şəbəkəsindəki paylaşımında bu xəbərdarlığın ötən həftə yayımlandığını bildirib. FTB-nin açıqlamasında ilin sonuna yaxınlaşarkən amerikalıların məlum hücum üsullarını maşın sürəti ilə tətbiq etmək üçün süni intellektdən istifadə edən cinayətkarlara və dövlət aktorlarına qarşı özlərini qorumasının vacibliyi qeyd olunub.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu