Rubio: ABŞ-dakı texniki nasazlıqların kiberhücumlarla əlaqəsinə dair sübut yoxdur



ABŞ dövlət katibi Marko Rubio son günlər Microsoft sistemlərində, Federal Aviasiya Administrasiyasında (FAA) və banklarda baş verən texniki nasazlıqların bir-biri ilə əlaqəli olduğuna və ya kiberhücumlar nəticəsində yarandığına dair heç bir sübut olmadığını bildirib. 

AFN.az xəbər verir ki, Rubio müxtəlif qurumlarda qeydə alınan problemlərin hər birinin özünəməxsus səbəbləri olduğunu vurğulayıb.

Rubio Filippində keçirdiyi mətbuat konfransında son bir həftə ərzində müxtəlif qurumlarda yaşanan texniki problemlərlə bağlı fikirlərini bölüşüb.

ABŞ əhalisinin ard-arda yayılan nasazlıq xəbərlərinə görə narahatlıq keçirdiyini bildiklərini deyən Rubio hökumətin malik olduğu məlumatları şəffaf şəkildə paylaşmaq istədiyini qeyd edib.

Dövlət katibi sistemlərdəki texniki problemlərlə bağlı bildirib ki, bu hadisələrin bir-biri ilə əlaqəli olduğunu düşünmək üçün heç bir sübut, göstərici və ya əsas yoxdur.

Rubio hadisələrin kibercinayətkarlar, hakerlər, başqa bir dövlət və ya hər hansı zərərli niyyətli aktor tərəfindən törədildiyinə dair də sübut olmadığını söyləyib. O, hər bir hadisənin özünəməxsus səbəblərinin olduğunu vurğulayıb.

Marko Rubio texnologiyanın gündəlik həyatın getdikcə daha çox sahəsinə inteqrasiya edilməsinin yeni təhlükəsizlik boşluqları yaratdığını diqqətə çatdırıb. Onun sözlərinə görə, kibertəhlükəsizlik riskləri ABŞ-ın milli təhlükəsizliyi və iqtisadi rifahı baxımından ciddi şəkildə nəzərə alınmalı olan məsələlərdəndir.

Rubio fidyə proqramları və internet üzərindən oğurluq kimi kiber cinayətlərin bütün dünyada yayıldığını bildirərək inkişaf etmiş iqtisadiyyatların hamısının bu təhdidlərlə üzləşdiyini qeyd edib.

CNN telekanalının İranın ABŞ ərazisində çirkli bomba ilə hücum planlaşdırdığına dair kəşfiyyat hesabatı haqqında yaydığı xəbərə də münasibət bildirən Rubio Vaşinqtona qarşı yaxın zamanda hücum təhlükəsinin mövcud olduğunu düşünmədiyini deyib.

ABŞ kəşfiyyat xidmətlərinə etibar etdiyini bildirən Rubio ölkəsinə və əhalisinə zərər vurmaq istəyən aktorların mövcud olduğunu bildiklərini söyləyib. O, xəbərdə mənbə kimi göstərilən kəşfiyyat rəsmilərinin etibarlılığını və məlumatları sızdıran şəxsləri tənqid edib.

Dövlət katibi, həmçinin ABŞ prezidenti Donald Trampın Şimali Koreya lideri Kim Çen Inla görüşməyə hələ də açıq olduğunu bildirib. Rubio ABŞ-ın fikir ayrılığı yaşadığı ölkələrin liderləri ilə birbaşa təmas qurmasının güzəşt kimi qiymətləndirilməməli olduğunu vurğulayıb.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu