LeBron Ceyms idman mərc tətbiqini məhkəməyə verib
NBA-nın superulduzu LeBron Ceyms süni intellektlə işləyən idman mərc tətbiqinin yaradıcılarına qarşı məhkəmə iddiası qaldırıb.
AFN.az xəbər verir ki, basketbolçu tətbiqə Bron adının verilməsi və marketinq kampaniyasında süni intellekt vasitəsilə yaradılmış görüntülərindən istifadə olunması ilə onun şəxsi hüquqlarının və əmtəə nişanlarının qəsdən pozulduğunu iddia edir.
ABŞ-nin Nyu-York ştatındakı federal məhkəməyə təqdim edilən iddia ərizəsində Ceymsin vəkilləri oyunçunun şöhrətindən, xarici görünüşündən və ləqəbindən yeni və əvvəllər tanınmayan məhsulun tanıdılması üçün istifadəsini qəsdən həyata keçirilmiş, pis niyyətli addım kimi qiymətləndiriblər.
İddia ərizəsində məhkəmədən tətbiqin yaradıcılarının Filadelfiya 76ers komandasının ulduz basketbolçusunun adından istifadə etməsinin qadağan olunması, əldə etdikləri bütün gəlirlərin geri qaytarılması, adından istifadənin ədalətli bazar dəyərinə uyğun ödəniş və cərimə xarakterli təzminatın müəyyənləşdirilməsi tələb olunur.
Məhkəmə sənədində bildirilir ki, cavabdehlər əvvəllər tanınmayan tətbiqlərinə şöhrət qazandırmaq üçün qanunsuz davranmaqdan çəkinməyiblər. Onlar yüklənmə sayını və ödənişli abunəlikləri artırmaq məqsədilə Ceymsin Bron adlı tətbiqi təsdiqlədiyi və onunla əlaqəli olduğu barədə qəsdən yanlış təsəvvür yaradıblar.
Associated Press (AP) agentliyinin tətbiqin internet saytı və yaradıcılarının elektron poçt ünvanları vasitəsilə mövzu ilə bağlı şərh almaq üçün göndərdiyi müraciətlərə çərşənbə axşamı dərhal cavab verilməyib.
Tətbiqin yaradıcısı PlayVision Inc. şirkətinin baş ofisi Kaliforniyada yerləşir. Şirkət 2025-ci ildə baş icraçı direktor (CEO) Ani Qup ta və texnologiya direktoru (CTO) Mark Zoğbi tərəfindən Y Combinator startap akseleratorunun dəstəyi ilə yaradılıb. Şirkət əvvəlcə idman komandaları və azarkeşlər üçün oyun və məşq görüntülərini süni intellekt vasitəsilə təhlil edən proqram hazırlayıb.
Şirkət bu il Bron tətbiqini istifadəyə verib. Bildirilib ki, tətbiq birbaşa mərc qəbul etmir, lakin mərc fəaliyyətinin izlənməsi və əmsalların müqayisəsi kimi xidmətlərə görə abunə haqqı alır.
Şirkətin bu ay başlatdığı marketinq kampaniyasında döymələri, səsi və 23 nömrəli forması ilə Ceymsə bənzəyən şəxsin paltardəyişmə otağında oturaraq tətbiqdən istifadə etdiyini göstərən süni intellekt görüntüsü yer alıb.
Front Office Sports nəşrinin daha əvvəl yaydığı məlumata görə, Ceymsin vəkilləri şirkətə xəbərdarlıq məktubu göndəriblər. Məhkəmə sənədində şirkətin reklamı sonradan sildiyi, lakin həmin vaxta qədər reklamın yenidən paylaşılaraq təxminən 1 milyon dəfə izlənildiyi bildirilib.
Qup ta vəkillərin tələbinə sosial şəbəkədə cavab verərək tətbiqin adının dəyişdiriləcəyini yazıb. Lakin məhkəmə iddiası qaldırılanadək ad dəyişikliyi həyata keçirilməyib. Bu vəziyyət Ceymsin hüquq komandasının şirkətin diqqət çəkmək üçün yaranmış mübahisədən faydalandığını iddia etməsinə səbəb olub. Qup ta isə bu həftə sosial şəbəkədə paylaşım edərək yeni adın çərşənbə günü açıqlanacağını bildirib.
Məhkəmə sənədində Ceymsin bu cür reklam müqavilələri qarşılığında adətən on milyonlarla dollar gəlir əldə etdiyi və proqnoz bazarı platforması Polymarket ilə artıq eksklüziv müqaviləsinin olduğu da qeyd edilib. İddia ərizəsində süni intellektlə yaradılmış Ceyms görüntüsünün NBA oyunçularının iştirak etdiyi matçlara mərc edərkən göstərilməsinin tətbiqin marketinq fəaliyyətini xüsusilə zərərli etdiyi vurğulanıb.
İddia ərizəsində NBA oyunlarının dürüstlüyünün və ictimaiyyətin oyunçuların iştirak etdikləri matçlara mərc etmədiklərinə dair etimadının liqa, basketbolçular və azarkeşlər üçün böyük əhəmiyyət daşıdığı bildirilib. Sənəddə aktiv NBA oyunçusunun liqanın matçlarına mərc etdiyi barədə istənilən eyhamın ciddi məsələ olduğu və klik, baxış sayı toplamaq məqsədilə bundan istifadə edilməməli olduğu qeyd olunub.

