Amazon Twitch yayımlarına görə məhkəməyə verildi



ABŞ-ın elektron ticarət nəhəngi Amazon Twitch yayımçılarının videolarından icazə alınmadan və təzminat ödənilmədən süni intellekt modellərini öyrətmək üçün istifadə etdiyi iddiası ilə milyonlarla yayımçının adından açılan toplu məhkəmə işi ilə üzləşib.

Konnektikut ştatında yaşayan Twitch yayımçısı Warren Pandiscia tərəfindən açılan məhkəmə iddiasında Amazon-a məxsus Twitch-in istifadəçi müqaviləsini pozduğu irəli sürülüb.

AFN.az xəbər verir ki, məhkəmə ərizəsində Amazon-un Twitch yayımçıları tərəfindən hazırlanan məzmunlardan süni intellekt modellərinin təlimində açıq icazə almadan istifadə etdiyi və məzmun yaradıcılarının əsərlərinin razılıqları olmadan və maddi ödəniş edilmədən kommersiya məqsədləri üçün dəyərləndirildiyi iddia edilib.

İddiaçılar məzmunlarının süni intellekt təlimində istifadə edildiyi bildirilən yayımçılara təzminat ödənilməsini və Amazon-un bu tətbiqi davam etdirməsinin məhkəmə qərarı ilə dayandırılmasını tələb ediblər.

Amazon və Twitch tərəfindən isə məhkəmə işi ilə bağlı hələlik açıqlama verilməyib.

Twitch avqust ayında istifadəçi məzmunlarının Amazon-un süni intellekt üzrə çalışmalarında istifadə oluna biləcəyini açıqlamış, yayımçılara bu tətbiqdən imtina etmək seçimi təqdim etmişdi. Lakin bu qərar platformadakı məzmun yaradıcılarının narazılığına səbəb olmuşdu.

Şirkətin tez-tez verilən suallar bölməsində istifadəçilərin səs yazılarından nitqi mətnə çevirən modellərin hazırlanması məqsədilə istifadə oluna biləcəyi bildirilib. Bunun Twitch yayımları və Amazon videolarındakı avtomatik altyazı sistemlərinin təkmilləşdirilməsinə xidmət etdiyi qeyd edilib.

Twitch-də bu ilin ilk aylarında yayımçılar tərəfindən 215 milyondan çox saat məzmun hazırlandığı məlumdur.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu