Pakistanda məktəbin damı çöküb: Ən azı 27 şagird ölüb



Pakistanın şimal-qərbindəki Peşəvər şəhərində dərs zamanı məktəbin damının çökməsi nəticəsində əksəriyyəti 13 yaşdan kiçik olan ən azı 27 şagird həyatını itirib. 

AFN.az xəbər verir ki, yerli rəsmilər hadisə zamanı bir müəllimin də öldüyünü və ölənlərin sayının arta biləcəyini bildiriblər.

Televiziya görüntülərində təcili yardım maşınlarının özəl Əl-Xeyr Təhsil Mərkəzinə sürətlə gəldiyi, xilasedicilərin isə şagirdləri dağıntılar altından çıxardığı əks olunub.

Bölgənin fövqəladə hallar üzrə rəsmisi İftixar Xan ən azı 45 uşağın dağıntılar altından çıxarıldığını və uçqun altında daha çox uşağın qaldığının bildirildiyini deyib.

Hökumət rəsmisi Bilal Faizi xilasedicilərin meyitləri çıxarmaq və yaralıları xəstəxanaya çatdırmaq üçün işlərini davam etdirdiklərini bildirib.

Lady Reading Xəstəxanasının sözçüsü Məhəmməd Asım isə yaralılardan 20-nin xəstəxanaya gətirildiyini qeyd edib.

Xilasedicilərdən biri yuxarı mərtəbənin damının çökməsi nəticəsində iki mərtəbənin dağıldığını və tavanın şagirdlərin üzərinə düşdüyünü bildirib.

Rəsmilər hadisənin səbəblərini müəyyənləşdirmək üçün araşdırmaya başlanıldığını açıqlayıblar. Peşəvər polisinin rəisi Mian Səid çökmə zamanı hadisədən təsirlənən üç sinifdə 110 şagirdin olduğunu, onlardan yalnız 47-nin xilas edilə bildiyini və ölənlərin sayının arta biləcəyini deyib.

Səidin sözlərinə görə, bina konstruktiv baxımdan zəif olub. O bildirib ki, zəif təməl üzərində tikildiyinə görə dam həddindən artıq ağırlaşıb və çökmə buna görə baş verib.

Məktəb rəhbərliyi hadisə ilə bağlı hələlik açıqlama verməyib.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu