ABŞ yüzlərlə hərbçisini Latın Amerikasına göndərir
ABŞ ordusunun Latın Amerikasındakı yerli qüvvələrlə birgə təlimlər və hərbi məşqlər keçirmək məqsədilə yüzlərlə hərbçisini bölgəyə göndərməyə başladığı iddia olunur.
AFN.az xəbər verir ki, “The New York Times” qəzetinə danışan və adlarının açıqlanmasını istəməyən hərbi rəsmilər ABŞ ordusunun Cənubi Amerikada genişlənən fəaliyyəti ilə bağlı məlumat veriblər.
Rəsmilərin sözlərinə görə, ABŞ Latın Amerikasında yerli qüvvələrlə təlim və hərbi məşqlər keçirmək üçün yüzlərlə hərbçisini bölgəyə göndərməyə başlayıb.
Bu çərçivədə Nyu-York ştatındakı Fort-Dram hərbi bazasında yerləşən 10-cu Dağ Diviziyasına daxil olan 600 nəfərlik batalyonun ilk bölmələrinin Panamada yeni yaradılmış tropik meşə təlim mərkəzinə yerləşdirilməsinə başlanılıb.
Rəsmilər həmin hərbi birləşmələrin sonrakı mərhələdə Kolumbiya və Hondurasda yerli qüvvələrlə təlimlər və hərbi məşqlər keçirəcəyini bildiriblər. Onlar bu qüvvələrin narkotik qaçaqmalçılığına qarşı əməliyyatlar çərçivəsində ABŞ-ın xüsusi əməliyyat bölmələrinə dəstək verə biləcəyini də qeyd ediblər.
Rəsmilər Mərkəzi və Cənubi Amerikaya hərbçi göndərilməsi ilə yanaşı, çoxsaylı hərbçinin Mayamidə yerləşən və Qərb yarımkürəsində əməliyyatları həyata keçirəcək yeni komandanlığa qoşulmasının planlaşdırıldığını bildiriblər.
Onların sözlərinə görə, hərbçilərin yerdəyişməsi hələlik müvəqqəti xarakter daşısa da, ABŞ-ın bölgədəki hərbi mövcudluğunun daha daimi hissəsinə çevrilə bilər.
Məsələ ilə bağlı tərəflər hələlik rəsmi açıqlama verməyiblər. İnsan hüquqları təşkilatları isə ABŞ-ın bölgədə genişlənən hərbi mövcudluğunun mülki əhalini təhlükə altına sala biləcəyindən narahat olduqlarını bildirirlər.
Ötən ay ABŞ-ın Afrika Komandanlığında (AFRICOM) xidmət edən bəzi MQ-9 Reaper tipli pilotsuz uçuş aparatlarının (PUA) ABŞ-ın Cənub Komandanlığının (SOUTHCOM) sərəncamına veriləcəyi də iddia edilmişdi.
