Pit Heqset: İrana tətbiq etdiyimiz blokadanı müddətsiz davam etdirəcəyik
ABŞ müdafiə naziri Pit Heqset ABŞ-ın İrana tətbiq etdiyi dəniz blokadasını müddətsiz olaraq davam etdirə biləcəyini bildirib.
AFN.az xəbər verir ki, Heqset ABŞ ordusunun bölgədəki hərbi-dəniz qüvvələrinin mövcudluğunu gəmiləri növbəli şəkildə bölgəyə göndərib geri çəkməklə uzun müddət saxlaya biləcəyini açıqlayıb.
ABŞ Müdafiə Nazirliyinin açıqlamasına görə, Heqset çoxmillətli hərbi təlimin bağlanış mərasimi üçün getdiyi Panamada jurnalistlərə İranla bağlı dəniz blokadası barədə danışıb.
Heqset ABŞ ordusunun İrana tətbiq etdiyi blokadanı davam etdirmək məqsədilə bölgədəki hərbi-dəniz qüvvələrinin mövcudluğunu müddətsiz olaraq davam etdirə biləcəyini bildirərək, “ABŞ Hərbi Dəniz Qüvvələri blokadanı müddətsiz davam etdirə bilər. Çünki gəmiləri indiyədək etdiyimiz və bundan sonra da edəcəyimiz kimi növbəli şəkildə bölgəyə göndərib geri çəkəcəyik” ifadələrini işlədib.
İrana tətbiq olunan blokadanın müəyyən müddət məhdudiyyətinin olmadığını vurğulayan Heqset blokadanın lazım olduğu müddətcə davam edəcəyini təkrarlayıb.
