Yaponiyada radioaktiv sızma aşkarlanan nüvə reaktoru müvəqqəti dayandırılacaq
Yaponiyada az miqdarda radioaktiv maddə sızması aşkarlanan nüvə reaktorunun fəaliyyəti müvəqqəti dayandırılacaq.
AFN.az xəbər verir ki, Miyaqi prefekturasında yerləşən Onagava Atom Elektrik Stansiyasının 2 nömrəli reaktorunda su sızması müəyyən edilib.
Kyodo agentliyinin məlumatına görə, stansiyanın operatoru Tohoku Electric Power Co. şirkətinin açıqlamasında bildirilib ki, sızma reaktorun su boşaltma çuxurundakı suyun səviyyəsinin iyul ayından etibarən yüksəlməsi ilə bağlı aparılan araşdırma zamanı aşkarlanıb. Yoxlama nəticəsində sızmaya klapandakı nasazlığın səbəb olduğu müəyyən edilib.
Açıqlamada sızan suda az miqdarda radioaktiv maddə aşkarlandığı, lakin ətraf ərazidə anormal radiasiya səviyyəsinin qeydə alınmadığı bildirilib.
Onagava Atom Elektrik Stansiyasının 2 nömrəli reaktorundakı nasazlıq səbəbindən saatda təxminən 200 litr suyun sızdığı ehtimal edilir. Nasaz hissələrin yoxlanılması və dəyişdirilməsi üçün reaktorun fəaliyyəti dayandırılacaq.
Şirkətin məlumatına görə, araşdırma, təmir və reaktorun yenidən işə salınmasına hazırlıq işlərinin təxminən 10 gün davam edəcəyi gözlənilir.
Yaponiyada 2011-ci il martın 11-də baş verən 9 bal gücündə zəlzələ və ardınca yaranan sunami Fukuşima Daiiçi Atom Elektrik Stansiyasında radioaktiv sızmaya səbəb olmuşdu. Sızmadan sonra bölgədə yaşayan on minlərlə insan evlərini tərk etmək məcburiyyətində qalmışdı.
Fukuşima Daiiçi Atom Elektrik Stansiyasının şimalında yerləşən Onagava Atom Elektrik Stansiyası da təhlükəsizlik səbəbindən bağlanmışdı. Yaponiya hökumətinin nüvə stansiyalarının istismarı ilə bağlı tətbiq etdiyi təhlükəsizlik tədbirləri çərçivəsində 2020-ci ilin fevralında fəaliyyət icazəsi alan stansiyanın 2 nömrəli reaktoru 2024-cü ildə işə başlayıb.


