Yaponiyada ilk dəfə olaraq nüvə reaktorunun 50 ildən artıq işləməsinə icazə verilib
Yaponiyanın qərbində 50 ilə yaxındır fəaliyyət göstərən nüvə reaktorunun fəaliyyətini davam etdirə biləcəyi bildirilib.
1974-cü ilin noyabrında fəaliyyətə başlayan Takahama Atom Elektrik Stansiyası (NGS) gələn ay istismara verilməsinin 50 illiyini qeyd edəcək.
Yaponiya Nüvə Tənzimləmə Təşkilatı (NRA) stansiyadakı 1 nömrəli reaktorun fəaliyyətini davam etdirməsi üçün yaşıl işıq yandırıb. Müəssisə tərəfindən aparılan əlavə yoxlamada reaktorun təzyiq çəninin neytron təzyiqinə tab gətirə biləcəyi və betonun dayanıqlığını qoruya bildiyi müəyyən edilib.
Bununla əlaqədar NRA operator "Kansai Electric Power" (KEPCO) şirkətinin reaktorun istismar müddətinin uzadılması tələbini rəsmi olaraq təsdiqləyib.
"Kyodo" xəbər agentliyinin məlumatına görə, 1 nömrəli reaktor ölkədə 50 ildən artıq müddətə istismar icazəsi almış ilk reaktor kimi qeyd edilib.
Sahəsi 1 kvadrat kilometr olan 4 reaktorlu atom elektrik stansiyası Yapon dənizində (Şərq dənizi) Fukui prefekturasının sahilində yerləşir.
Qeyd edək ki, Yaponiyadakı nüvə reaktorlarına qanuni olaraq 60 ilə qədər işləməyə icazə verilə bilər. İstismar müddəti 50 ildən çox olan nüvə obyektləri üçün təhlükəsizlik qaydalarına yenidən baxılması tələb olunur.
Mənbə: AA