Avstraliyada qadın iş yoldaşının yeməyinə ilbiz zəhəri qatmaqda ittiham olunur
Avstraliyada bir qadın iş yoldaşının karri yeməyinə ilbiz zəhəri qatdığı iddiası ilə ittiham olunub.
AFN.az xəbər verir ki, Qərbi Avstraliya ştatının polisi zərərçəkənin fevral ayında iş yoldaşları üçün yemək hazırladığını və onu səhər fasiləsində həmkarları ilə bölüşdüyünü bildirib.
58 yaşlı zərərçəkən nahar fasiləsində qalan yeməyini yemək üçün götürəndə onun içində parlaq yaşıl qranullar aşkar edib. Qadın yeməyin dadına baxdıqdan sonra dilinin keyləşdiyini hiss edib.
Aylarla davam edən araşdırmadan sonra zərərçəkənlə münasibətdə olduğu bildirilən şübhəli başqa bir şəxsin həyatını və sağlamlığını təhlükəyə atmaqda ittiham olunub.
43 yaşlı qadın noyabrın 5-də hakim qarşısına çıxacaq.
Polis əməkdaşları adı açıqlanmayan şübhəlinin yeməyin saxlandığı işçi otağına getməzdən əvvəl kimyəvi maddələrin saxlandığı anbara baş çəkdiyini iddia ediblər.
Zərərçəkən yeməyin dadına baxdıqdan sonra onu araşdırılması üçün detektivlərə təhvil verib. Ekspertiza nəticəsində yeməyin içində metaldehid tərkibli zəhərli ilbiz qranullarının olduğu müəyyən edilib.
Polis rəisi Kol Blanş zəhərin ciddi xəsarətlərə və ya ölümə səbəb ola biləcəyini bildirib. Blanş yeməyin dadına baxan şəxsin vəziyyəti vaxtında fərq etməsindən məmnun olduqlarını deyib.



