İngiltərədə küçədə bıçaqlanan 50 yaşlı qadın öldü


İngiltərənin paytaxtı Londonda insanların sıx olduğu bölgədə baş verən bıçaqlı hücum nəticəsində 50 yaşlı qadın həyatını itirib. Ölkə mətbuatında yer alan xəbərlərə görə, polis dünən yerli vaxtla saat 16:00 radələrində Londonun Brent bölgəsində, Uillesden səmtindəki Paund Leyn küçəsində baş verən bıçaqlanma hadisəsi barədə məlumat alaraq hadisə yerinə cəlb olunub.

Bıçaqlı hücum zamanı ağır yaralanan 50 yaşlı qadın hadisə yerində ölüb. London Metropoliten Polisi tərəfindən verilən açıqlamada hadisə ilə əlaqəsi olduğu düşünülən və zərərçəkmişin tanıdığı bildirilən 30 yaşlı kişinin qətl şübhəsi ilə saxlanıldığı bildirilib. Şübhəlinin Londonun şimalındakı polis bölmələrindən birində nəzarətdə saxlanıldığı qeyd olunub.

Brent bölgəsi üzrə polis rəisi Toni Bellis açıqlamasında baş verənləri faciəvi və dərin narahatlıq doğuran hadisə kimi qiymətləndirib. Bellis yaxın günlərdə ərazidə polis nəzarətinin artırılacağını vurğulayıb. Mövcud məlumatlara görə, hadisənin fərdi xarakter daşıdığını qeyd edən Bellis ictimaiyyət üçün daha geniş bir təhlükənin olmadığını diqqətə çatdırıb.

İstintaqı aparan detektiv müfəttiş Rebekka Vudsford isə hadisənin Uillesdenin işlək nöqtəsində yaşandığını bildirərək, zərərçəkmişə ilk yardım göstərən və təcili xidmətlərə zəng edən vətəndaşlara təşəkkür edib. Vudsford şübhəlinin bir neçə saat ərzində yaxalandığını və araşdırmaların davam etdiyini, hazırkı mərhələdə ictimai təhlükəsizliyi təhdid edən başqa bir vəziyyətin olmadığını qeyd edib.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu