ABŞ-ın 8 ştatı ChatGPT-yə görə OpenAI-ı məhkəməyə verib
ABŞ-ın səkkiz ştatı valideynləri yanıltmaqda ittiham etdiyi OpenAI şirkətinə qarşı çərşənbə günü məhkəmə iddiası qaldırıb.
AFN.az xəbər verir ki, Ayova, Kanzas, Nebraska, Qərbi Virciniya, Arkanzas, Arizona, Aydaho və Montana ştatlarında açılan iddialarda şirkət uşaqlara zərər vurmaqda ittiham olunur. Ştat rəhbərlikləri süni intellekt əsaslı ChatGPT çatbotunun uşaqlara mənfi təsir göstərdiyini iddia edirlər.
Hüquqi prosesi elan etmək üçün keçirilən mətbuat konfransında çıxış edən Ayova ştatının baş prokuroru Brenna Bird bildirib ki, OpenAI bazara ilk daxil olan şirkət olmaq istəyib. Onun sözlərinə görə, şirkət uşaqlara zərər verdiyini, valideynlərə yalan danışdığını və qanunları pozduğunu bildiyi halda ChatGPT-ni sürətlə inkişaf etdirib. Bird əlavə edib ki, hər kəs qanunlara əməl etməlidir.
Şirkətin əsas süni intellekt modeli olan ChatGPT 2023-cü ilin noyabrında kütləvi mədəniyyətə böyük təsir göstərərək generativ süni intellekt bumunun başlanmasına təkan verib və qısa müddətdə dünyanın ən böyük çatbotuna çevrilib.
Bu ilin yayında çatbotun aylıq aktiv istifadəçilərinin sayı dünya üzrə 1 milyardı ötüb.
Son illərdə istifadəçilər dostluq münasibətlərindən terapiyaya qədər müxtəlif mövzularda, eləcə də şəxsi və peşəkar həyatlarında qarşılaşdıqları bir sıra məsələlərin həlli üçün ChatGPT-yə və digər çatbotlara getdikcə daha çox müraciət edirlər.
Çərşənbə günü keçirilən mətbuat konfransında Brenna Birdə Kanzas ştatının baş prokuroru Kris Kobax, Nebraska ştatının baş prokuroru Mayk Hilqers və Qərbi Virciniya ştatının baş prokuroru Cey-Bi MakKaski qoşulublar. Bird bildirib ki, məqsədləri uşaqlara zərər vurmaqla və qanunları pozmaqla pul qazanan şirkətlərə qarşı vahid mövqe nümayiş etdirməkdir.
Baş prokuror ChatGPT-nin istifadəçiləri intihara yönləndirməsi, onların başqa insanlara zərər verməsinə kömək edə biləcək məlumatlar təqdim etməsi və təhlükəli tibbi məsləhətlər verməsi ilə bağlı narahatlıqları gündəmə gətirib. O, həmçinin OpenAI-ın nəzarətdən çıxan süni intellekt agentlərinin digər şirkətlərin sistemlərinə qanunsuz daxil olmasının qarşısını ala bilməməsinə diqqət çəkib.
OpenAI-ın sözçüsü Dryu Pusateri yazılı açıqlamasında şirkətin məhsullarına bir çox digər süni intellekt məhsulunda olmayan, yaşa uyğun qabaqcıl qoruma mexanizmləri əlavə etdiyini bildirib.
Pusateri qeyd edib ki, heç bir sistem mükəmməl olmasa da, şirkət öz işini formalaşdırmaq üçün mütəxəssislərlə əməkdaşlığı davam etdirəcək və hazırda mövcud olan valideyn nəzarəti, fasilə xatırlatmaları və yaşa uyğun model qorunması kimi əlavə təhlükəsizlik tədbirləri hazırlayacaq. O, yalnız bir şirkətə deyil, bütün süni intellekt sektoruna şamil edilən praktik siyasətlərin inkişaf etdirilməsi üçün ştatlarla əməkdaşlığa sadiq olduqlarını vurğulayıb.
Sözçü əlavə edib ki, OpenAI uyğunlaşma problemləri ilə bağlı hallara cavab olaraq atdığı genişmiqyaslı addımlar barədə məlumat paylaşmağa davam edəcək. Onun sözlərinə görə, şirkət tədqiqat sistemləri üzrə təhlükəsizlik tədbirlərini gücləndirib, modellərin fəaliyyətinə dair daha geniş araşdırmalar aparır, təsirə məruz qalan təşkilatları məlumatlandırır və əldə etdiyi nəticələri dərc edir.
Ötən ay OpenAI 13-18 yaşlı istifadəçilər üçün daha güclü təhlükəsizlik tədbirləri və valideyn nəzarəti imkanları təqdim edən məhdudlaşdırılmış ChatGPT rejimini istifadəyə verib.
Kanzas ştatının baş prokuroru Kris Kobax bildirib ki, ölkə üzrə baş prokurorlar onilliklər ərzində bəzən opioidlər və tütünlə bağlı işlər, yaxud prezident administrasiyasının konstitusiyanı pozması iddiaları kimi məsələlər üzrə çoxştatlı məhkəmə iddiaları qaldırıblar. Onun sözlərinə görə, belə hallarda prokurorlar adətən iddianı elan etmək üçün bir araya yalnız məsələ son dərəcə vacib olduqda gəlirlər və bu iş də həmin kateqoriyaya daxildir.
Kobax iddiaların hər ştatın öz istehlakçıların müdafiəsi qanunları əsasında qaldırıldığını bildirib. Onun sözlərinə görə, şikayət ərizələrində ChatGPT-nin istifadəçilərlə həddindən artıq razılaşmağa meyilli dizaynının insanların çabot-a etibar etməsinə və ondan asılı vəziyyətə düşməsinə səbəb olduğu iddia edilir. Bu xüsusiyyətin çatbotu uşaqlar kimi həssas istifadəçilər üçün xüsusilə təhlükəli etdiyi bildirilir.
İddialarda həmçinin ChatGPT-nin tənqidi düşünmə bacarıqlarını zəiflətdiyi, paranoya və sayıqlamaları təşviq etdiyi, qeyri-sağlam davranışları və münasibətləri dəstəklədiyi barədə getdikcə artan sayda araşdırmanın nəticələrinə istinad olunur.
Ştatların məhkəmə iddiaları çərşənbə axşamı San-Fransiskoda federal məhkəməyə təqdim edilmiş başqa bir qrup iddiası təşəbbüsündən sonra irəli sürülüb. Həmin iddiada OpenAI-ın ChatGPT-dən istifadə edən milyonlarla uşaqdan qanunsuz şəkildə böyük həcmdə son dərəcə həssas və dəyərli məlumat topladığı iddia olunur.
Meta və Roblox da daxil olmaqla bir sıra digər texnologiya şirkətləri uşaqlara asılılıq yaradan və ya onların yırtıcı şəxslər tərəfindən istismarına şərait yaradan aldadıcı tətbiqlərlə zərər vurmaqda ittiham olunaraq oxşar məhkəmə iddiaları ilə üzləşiblər.
