ChatGPT-nin məsləhəti ilə müalicə olunmayan şəxs xəstəliyi kəskinləşdiyi üçün "OpenAI"ı məhkəməyə verdi
ABŞ-da bir şəxs ABŞ mərkəzli süni intellekt şirkəti "OpenAI"ın hazırladığı "ChatGPT" çatbotunu narahatlığı həyati təhlükə yaradacaq həddə çatmazdan əvvəl onu müalicə almaqdan çəkindirməkdə təqsirləndirərək firmaya qarşı iddia qaldırıb.
AFN.az xəbər verir ki, "The New York Times" qəzetinin məlumatına görə, ABŞ-ın Florida ştatında yaşayan rahib Skott Vinters (Scott Winters) "OpenAI" və şirkətin icraçı direktoru (CEO) Sem Altmana (Sam Altman) qarşı Kaliforniya ştat məhkəməsinə müraciət edib.
Məhkəməyə təqdim olunan iddia ərizəsində Altman və şirkət "ChatGPT"nin Vintersə verdiyi tibbi məsləhətlərə görə "qanunsuz həkimlik fəaliyyəti göstərməkdə" və səhlənkarlıqda ittiham olunub.
İddia ərizəsində Vintersin 2024-cü ildə səhhətindəki problemlərlə bağlı sualları "ChatGPT"yə ünvanlayarkən ilk vaxtlar tibbi kömək almağa yönləndirildiyi, lakin zaman keçdikcə çatbotun bu xəbərdarlıqları dayandıraraq birbaşa tövsiyələr verməyə başladığı iddia edilib.
"ChatGPT"nin Vintersi getdikcə pisləşən səhhətindəki problemlərin təhlükəli bir vəziyyətdən xəbər vermədiyi yönündə inandırdığı və onu real tibbi kömək almaqdan çəkindirdiyi iddia edilən ərizədə, Vintersin "ChatGPT" tərəfindən "kiçik hesab edilən" ağrının ardından ağciyər emboliyası səbəbindən reanimasiyaya yerləşdirildiyi bildirilib.
İddia ərizəsində Vintersin həyati təhlükə yaradan bu vəziyyətə düşməsinə gətirib çıxaran müalicəni təxirə salmasına səbəb olan "ChatGPT"nin təhlükəsizlik tədbirlərinin kifayət qədər effektiv işləmədiyi müdafiə olunub.
Şirkətin nümayəndəsi isə verdiyi açıqlamada "ChatGPT"nin istifadəçi müqaviləsində xəstəliklərin diaqnostikası və müalicəsində istifadə edilə bilməyəcəyinin açıq şəkildə qeyd olunduğunu, lakin buna baxmayaraq sağlamlıqla bağlı suallara verilən cavabları ən təhlükəsiz hala gətirməyə çalışdıqlarını bildirib.

