Aİ kosmik texnologiyalarla fəlakətlərə qarşı əməkdaşlığı genişləndirir



Avropa İttifaqı (Aİ) təbii fəlakətlərə hazırlıq, erkən xəbərdarlıq və müdaxilə imkanlarını gücləndirmək məqsədilə kosmik texnologiyalardan istifadə etməklə beynəlxalq əməkdaşlığı artırmağı hədəflədiyini açıqlayıb. 

AFN.az xəbər verir ki, Aİ Komissiyası Beynəlxalq Fəlakət Risklərinin Azaldılması Günü münasibətilə Brüsseldə tədbir təşkil edib və fəlakətlərin sərhədləri aşan təsirlərini azaltmaq üçün yerli, milli və beynəlxalq qurumlarla tərəfdaşlığın gücləndirilməsinə dair birgə sənəd hazırlayıb.

Tədbirdə erkən xəbərdarlıq sistemlərinin təkmilləşdirilməsi, peyk məlumatlarının və texniki biliklərin paylaşılması, eləcə də milli və yerli səviyyələrdə müdaxilə imkanlarının gücləndirilməsi istiqamətində dünyanın müxtəlif ölkələrindən olan tərəfdaşlarla əməkdaşlıq imkanları müzakirə edilib.

Daşqınlar, meşə yanğınları və zəlzələlərə qarşı müşahidə sistemlərinin, eləcə də Aİ-nin “Kopernik” proqramı çərçivəsində hazırlanmış vasitələrin əhəmiyyəti xüsusi vurğulanıb. Tədbirdə peyk əsaslı xidmətlərin fəlakətlərin idarə olunmasının bütün mərhələlərində istifadə edilə biləcəyi qeyd edilib.

İştirakçılar peyk məlumatlarının yalnız toplanmasının kifayət etmədiyini, onların səlahiyyətli qurumların xəbərdarlıq və müdaxilə proseslərində istifadə edə biləcəyi konkret informasiyaya çevrilməsinin vacibliyini bildiriblər.

Aİ Komissiyasının Bərabərlik, Hazırlıq və Böhranların İdarə Edilməsi üzrə üzvü Haca Lahbib və Müdafiə və Kosmos üzrə üzvü Andrius Kubilius fəlakətlərin sərhədləri aşan təsirlərini azaltmaq məqsədilə yerli, milli və beynəlxalq qurumlarla tərəfdaşlığın gücləndirilməsinə dair “Kosmos və Fəlakət Risklərinin İdarə Edilməsi Yol Xəritəsi” adlı birgə sənəd hazırlayıblar.

Sənəddə Aİ-nin humanitar yardım, mülki müdafiə, inkişaf və kosmik texnologiyalar sahələrindəki imkanlarının fəlakətlərdən əvvəl, fəlakət zamanı və sonrasında konkret töhfə verə biləcəyi vurğulanıb. Həmçinin Aİ-nin Mülki Müdafiə Mexanizminin milli müdaxilə imkanlarını aşan böhranlarda üzv ölkələrin birgə resurslarını gücləndirdiyi qeyd olunub.

Sənəddə Aİ-yə üzv olmayan ölkələr və regional təşkilatlarla texniki əməkdaşlığın artırılması, fəlakətlərə müdaxilə imkanlarının inkişaf etdirilməsi, proqnozlaşdırma və monitorinq sistemlərinin təkmilləşdirilməsi, məlumat və təcrübə mübadiləsinin genişləndirilməsi, eləcə də təlimlər və texniki səfərlər vasitəsilə uğurlu təcrübələrin paylaşılması təklif edilib.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu