Gəncədə rüsvayçılıq: Klubun direktoru könüllünü döyüb!?


"Gəncə" basketbol klubu FIBA Avropa Kubokunun müntəzəm mövsümündə ilk ev oyununu keçirib. Yunanıstanın "Kolossos" komandası ilə qarşılaşan təmsilçimiz 62:80 hesabı ilə məğlub olub. Lakin matçın nəticəsindən daha çox arena daxilində və girişində yaşanan xoşagəlməz hadisələr gündəmə damğa vurub.

Matc.az saytının əldə etdiyi məlumata görə, qarşılaşmadan öncə Gəncə İdman Sarayının girişində insident yaşanıb. Təhlükəsizlik qaydalarına uyğun olaraq xüsusi yoxlama aparatından keçməyi tələb edən gənc könüllü klubun  direktoru Elnur Cəfərovun kəskin reaksiyası ilə üzləşib.

İddia olunur ki, gəncin tələbinə qəzəblənən E.Cəfərov "Sən məni tanımırsan?! Mən klubun direktoruyam!" deyərək ona hücum edib. Şahidlərin bildirdiyinə görə, icraçı direktor vəzifə səlahiyyətlərindən sui-istifadə edərək könüllünü kənara çəkib və ona fiziki zor tətbiq edib.

Özbaşınalıq bununla da bitməyib. Məlumata görə, "Gəncə" rəhbərliyi zala toplaşan azarkeşlərə qarşı da hörmətsizlik nümayiş etdirib. Oyunun fasiləsində azarkeşlərin zalı tərk etməsinin qarşısını almaq məqsədilə Gəncə İdman Sarayının çıxış qapıları bağlanıb və insanlar zorla içəridə saxlanılıb.

Klubdan isə bildirilib ki, oyunda hər hansı bir insident baş verməyib, hadisə yaşanmayıb: "Son 2-3 gündə klub rəhbərliyi, əməkdaşlar tərəfindən oyunun təşkili istiqamətində işlər aparılıb, böyük əmək sərf olunub. Gəncə şəhəri ilk dəfə FIBA Avropa Kubokunun həyacanını yaşayıb. Bu, basketbolumuzun tarixində bir ilkdir. Fikrimizcə,  yazılası məqamlar oyunla, bu tarixi hadisə ilə bağlı olmalıdı. İctimaiyyətin, mətbuatın diqqəti buna yönəlsə, daha yaxşı olar. Kluba dəstək artar, basketbolun kütləviliyini təmin edib, inkişafa nail ola bilərik. Yeri gəlmişkən, elə sizin vasitənizlə azarkeşlərə müraciət edib onları növbəti oyunlar üçün tribunalara səsləyirik. Sizdən və həmkarlardan da xahişimiz "Gəncə" Basketbol Klubunu davamlı diqqətdə saxlamaq, klubumuzun gördüyü işləri ictimaiyyətə çatdırmaqdı".





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu