Roma Papası xəstəxanaya yerləşdirilib
Vatikan dövlətinin başçısı Papa XIV Leo ağciyərində aşkarlanan düyünün çıxarılması üçün bu gün keçirilməsi planlaşdırılan əməliyyata görə xəstəxanaya yerləşdirilib.
AFN.az xəbər verir ki, Papa günorta saatlarında əməliyyat olunmaq üçün Vatikandan ayrılaraq Romadakı Gemelli Xəstəxanasına gedib.
Papa ağciyərində aşkarlanan düyünün çıxarılması üçün əməliyyat olunacağını daha əvvəl açıqlamışdı.
Papanın Gemelli Xəstəxanasına gəlişini çoxsaylı jurnalistlər və xəstəxanada olan şəxslər yaxından izləyiblər.
Xəstəxana rəsmilərinin girişdə qarşıladığı Papa binaya piyada daxil olub.
Vatikanın Mətbuat Xidmətinin jurnalistlərə ünvanladığı yazılı açıqlamada bildirilib ki, Papa günortadan sonra Gemelli Xəstəxanasında professor Stefano Marqaritoranın rəhbərlik etdiyi döş qəfəsi cərrahiyyəsi qrupu tərəfindən ağciyərindəki düyünün çıxarılması üçün əməliyyat olunacaq.
Vatikanın dövlət katibi, eyni zamanda baş nazir vəzifəsini icra edən kardinal Pyetro Parolin Papanın əməliyyatı ilə bağlı jurnalistlərə açıqlamasında onunla bir gün əvvəl görüşdüyünü və sakit söhbət etdiklərini bildirib. Parolin belə bir vəziyyəti gözləmədiyi üçün narahat olduğunu, lakin problemin vaxtında aşkarlandığını və buna görə də mümkün qədər tez aradan qaldırıla biləcəyini deyib. O, bu cür problemlərin erkən aşkarlanması zamanı adətən uğurla həll edilə bildiyini vurğulayıb.
Vatikan daha əvvəl Papanın sağalması üçün oktyabrın 20-dək bütün proqramlarının ləğv edildiyini açıqlamışdı.
Papa XIV Leo oktyabrın 11-də Vatikanın Müqəddəs Pyotr meydanına baxan ofisinin pəncərəsindən ənənəvi bazar duasını edərkən ağciyərində düyün aşkarlanması barədə məlumat verib. O, həkimlərin müdaxiləni məqsədəuyğun hesab etdiyini və onların tövsiyəsi ilə düyünün çıxarılması üçün əməliyyat olunmağa qərar verdiyini bildirib. Əməliyyatın yaxın bir neçə gün ərzində keçirilməsinin planlaşdırıldığını deyən Papa mənəvi dəstəyə görə təşəkkür edib və özünü insanların dualarına əmanət etdiyini söyləyib.
71 yaşlı Papanın gözlənilməz hesab edilən bu açıqlamasından sonra Vatikanın Mətbuat Xidməti əməliyyatdan sonrakı bərpa dövrünün təxminən bir həftə davam edəcəyinin gözlənildiyini bildirib.
İtaliya mətbuatı da tarixdə ilk dəfə bir Papanın bazar duası zamanı yaxın günlərdə əməliyyat olunacağını açıq şəkildə bəyan etməsinə diqqət çəkib.
Mətbuatda yayılan xəbərlərdə Papanın noyabrın 6-dan 17-dək Uruqvay, Argentina və Perunu əhatə edən Cənubi Amerika səfərini ləğv etməmək üçün əməliyyatın dərhal keçirilməsinə qərar verdiyi qeyd olunub.
Vatikanın əvvəlki dövlət başçısı Papa Fransisk 2025-ci il aprelin 21-də vəfat etdikdən sonra, həmin il mayın 8-də keçirilən konklavda ABŞ-dan olan kardinal Robert Frensis Prevost Katolik Kilsəsinin yeni rəhbəri seçilib və XIV Leo adını götürüb.



