Kanar adalarına bir həftədə 1260 qeyri-qanuni miqrant gəlib
İspaniyanın cənub-qərbində yerləşən Kanar adaları arxipelaqına son bir həftə ərzində 1260 qeyri-qanuni miqrant gəlib.
AFN.az xəbər verir ki, Sahil Mühafizəsi qurumunun açıqlamasına görə, yalnız həftəsonu arxipelaqın Qran-Kanariya, El-İyerro, Lanzarote, Fuerteventura və Tenerife adalarının sahillərinə 886 miqrant çatıb.
Şimali Afrikadan sadə və müvəqqəti qayıqlarla Atlantik okeanı üzərindən Kanar adalarına çatmağa çalışan miqrantların əvvəlcə quruda tibbi müayinədən keçirildiyi, daha sonra isə yerləşmə mərkəzlərinə göndərildiyi bildirilib.
Kanar adalarının muxtar hökumətinin rəhbəri Fernando Klavixo mətbuata açıqlamasında sentyabrın əvvəlindən bəri adalara 3800-dən çox qeyri-qanuni miqrantın gəldiyini deyib.
O, son dövrdə qeyri-qanuni miqrant axınının artmasına qarşı tədbir görməməkdə İspaniyanın mərkəzi hökumətini ittiham edib. Klavixo 2024-cü ildə adalara ümumilikdə 47 min miqrantın gəldiyini xatırladaraq, ilin sonunun həmin dövrə bənzər ssenari ilə başa çatacağından ciddi narahatlıq keçirdiklərini bildirib. O, İspaniya hökumətindən yeni miqrasiya dalğasına cavab verməsini gözlədiklərini vurğulayıb.


