Kuba neft sektorunu xarici investisiyalara açır
Dərinləşən enerji böhranı və ABŞ-ın neft məhdudiyyətləri ilə mübarizə aparan Kuba rəhbərliyi neft kəşfiyyatı və hasilatı sektorunu xarici investisiyalar üçün açmaq məqsədilə 1938 və 1959-cu illərə aid qanunları ləğv edib.
AFN.az xəbər verir ki, Kuba mətbuatının məlumatına görə, ləğv edilən qanunlar mövcud konstitusiya və müasir sosial-iqtisadi şərait fonunda öz funksionallığını itirib.
Qanun qüvvəsinə malik fərmanla yerli və xarici şirkətlərin neft kəşfiyyatı və hasilatı fəaliyyətlərində iştirakını asanlaşdırmaq məqsədilə müqavilə şərtləri yumşaldılıb.
Hasilatın pay bölgüsü sazişləri üçün 10 il uzadılma imkanı ilə 40 ilədək, neft konsessiyaları üçün isə yenə 10 il uzadılma imkanı ilə 30 ilədək müddət nəzərdə tutulub. Neft xidmətləri üzrə müqavilələr də əsas iştirak modelləri sırasına daxil edilib.
Dövlət təbii ehtiyatlar üzərində nəzarətini qoruyaraq neft, qaz və onlarla əlaqəli maddələrin yataqlarının bütün xalqın sosialist mülkiyyətində olduğunu, bu mülkiyyətin özgəninkiləşdirilməzlik, iddia müddətinin tətbiq edilməməsi və həbs qoyulmazlıq prinsiplərinə tabe olduğunu bildirir.
Yeni tənzimləmə dövlətin milli təhlükəsizlik səbəbilə lisenziya və konsessiyaların verilməsindən imtina etmək hüququnu saxlayır. Eyni zamanda, milli enerji təhlükəsizliyi üçün tələb olunan karbohidrogen ehtiyatlarının təmin edilməsində rəqabətli bazar şərtləri çərçivəsində dövlətə üstünlük verilir.
Qaydalara əsasən, hasilatın pay bölgüsü sazişləri üzrə xərclərin ödənilməsi üçün yuxarı hədd quruda və dayaz sularda 65 faiz, dərin sularda isə 75 faiz müəyyən edilib.
Yeni qanunvericilik karbohidrogen fəaliyyəti ilə bağlı əməliyyatları yüksək riskli hesab edir və təqsir və ya səhlənkarlıq sübut olunmasa belə, dəymiş zərərə görə operatorları məsuliyyət daşımağa məcbur edir. Bundan başqa, fövqəladə hallar istisna olmaqla, təbii qazın atmosferə buraxılması və yandırılaraq məhv edilməsi qadağan olunur.
Ölkədə qara bazarın və yanacağın paylanması sahəsində qanunsuzluqların artması fonunda yeni qanunvericilik obyektlərin və əməliyyatların fiziki təhlükəsizliyinə görə birbaşa operator şirkətləri məsul tutur, pozuntulara və cinayətlərə qarşı isə ağır sanksiyalar nəzərdə tutur.
Bildirilir ki, Kuba rəhbərliyi qüvvəyə minən yeni tənzimləmə ilə ciddi kapital çatışmazlığı yaşayan milli enerji sektoruna beynəlxalq investisiyaları cəlb etməyi, xarici investorlar üçün hüquqi təminatlar yaratmağı və karbohidrogen ehtiyatları üzərində sərt dövlət nəzarətini davam etdirməyi hədəfləyir.
ABŞ-ın neft blokadası və iqtisadiyyatın əsas sektorlarına qarşı tətbiq etdiyi ikinci dərəcəli sanksiyalar Kubada iqtisadi çətinlikləri daha da dərinləşdirir.
Elektrik enerjisinin kəsilməsi və ictimai nəqliyyatın demək olar ki, tamamilə dayanması səbəbindən Kuba əhalisi çətin günlər yaşayır. Xəstəxanalar da yalnız minimum səviyyədə xidmət göstərə bilir.
Ölkədə, xüsusilə qeyri-rəsmi bazarlarda ərzaq və dərmanların qiymətləri həddindən artıq yüksəlib.
