BMT: ABŞ-ın neft blokadası Kubada böhranı dərinləşdirir
Birləşmiş Millətlər Təşkilatının (BMT) Kubadakı daimi koordinatoru Fransisko Piçon ABŞ-ın Kubaya tətbiq etdiyi neft blokadasının ölkədəki humanitar böhranı daha da dərinləşdirdiyi və yaranan enerji qıtlığının milyonlarla müdafiəsiz insan üçün riskləri artırdığı barədə xəbərdarlıq edib.
AFN.az xəbər verir ki, Piçon Nyu-Yorkdakı BMT-nin Baş Qərargahına videokonfrans vasitəsilə qoşularaq jurnalistlərə məlumat verib. ABŞ Prezidenti Donald Trampın Kubaya neft blokadası tətbiq edən prezident fərmanından demək olar ki, bir ay keçdiyini xatırladan Piçon, hələ də davam edən blokadanın mənfi humanitar nəticələrinin hər keçən gün daha da ağırlaşdığını söyləyib.
Piçon qeyd edib ki, sahədə müşahidə olunanlar müvəqqəti qıtlıq deyil, ilkin humanitar riskləri artıran daha sistemli bir enerji şokudur. O, yanacağın bu gün Kubada xəstəxanaların fəaliyyətini, evlərə suyun çatdırılmasını, qida paylanmasını və dərman daşınmasını müəyyən edən ən mühüm amillərdən biri olduğunu bildirib.
Yanacaqdan asılı olan enerji qıtlığı davam etdikcə kövrək vəziyyətlərin sürətlə daha kəskin humanitar risklərə çevriləcəyi barədə xəbərdarlıq edən Piçon, neft blokadası ilə əsas xidmətlərin məhdudlaşaraq axsadığını vurğulayıb. Kubada xroniki xəstəliklərlə yaşayan 5 milyon insanın olduğuna diqqət çəkən Piçon, bu rəqəmə daimi qulluq tələb edən minlərlə xərçəng xəstəsi və 32 mindən çox hamilə qadının da daxil olduğunu qeyd edib.
Piçon neft embarqosunun ölkədəki qida təhlükəsizliyini də pisləşdirdiyini və istehsal sahələrindən mətbəxlərə qədər bütün tədarük zəncirinin pozulduğunu bildirib. 2025-ci ilin oktyabrında baş verən "Melissa" qasırğasının fəsadlarının hələ də aradan qaldırılmağa çalışıldığını ifadə edən Piçon, vəziyyətin ciddi olduğunu vurğulayıb.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp yanvarın 30-da Kubaya neft satan və ya təmin edən ölkələrdən gələn bütün mallara gömrük rüsumunun tətbiq edilməsini nəzərdə tutan prezident fərmanını imzalayıb. Ağ Ev bu qərarın ABŞ-ın milli təhlükəsizlik maraqlarını qorumaq məqsədi daşıdığını iddia etsə də, Kuba tərəfi neft tədarükü ilə bağlı danışıqların başladığı barədə məlumatları təkzib edib.
