İlon Mask Respublikaçılara 276 milyon dollar ianə edib
Amerikalı iş adamı İlon Maskın noyabrın 3-də keçiriləcək aralıq seçkilər üçün ən azı 276 milyon dollar xərcləyərək Respublikaçılar Partiyasının ən böyük ianəçisi olduğu bildirilir.
AFN.az xəbər verir ki, Mask yay mövsümündən bəri ABŞ-da keçiriləcək aralıq seçkilərlə əlaqədar Respublikaçılara ən azı 276 milyon dollar ianə edib.
CNN-in məlumatına görə, Maskın yaratdığı “America PAC” siyasi fəaliyyət komitəsinin sözçüsü bu rəqəmi təsdiqləyib. Beləliklə, amerikalı iş adamı aralıq seçkilərlə bağlı Respublikaçılar Partiyasının məlum olan ən böyük ianəçisi kimi önə çıxıb.
Məlumatda ianənin 158 milyon dollarının Senat seçkilərində Respublikaçıların əsas super siyasi fəaliyyət komitəsi hesab edilən Senat Liderlik Fonduna köçürüldüyü qeyd olunub.
Mask 2024-cü ilin noyabrında keçirilən seçkilərdə ABŞ Prezidenti Donald Trampın və digər Respublikaçı namizədlərin seçki kampaniyalarına təxminən 288 milyon dollar ianə etmişdi. Bununla o, həmin seçkilərdə ən çox siyasi ianə verən şəxs olmuşdu.
ABŞ-da noyabrın 3-də keçiriləcək Konqresə aralıq seçkilərində Nümayəndələr Palatasının 435 üzvünün hamısı və 100 yerlik Senatın üçdə biri yenilənəcək.
