İndoneziyada Semeru vulkanı püskürdü
İndoneziyanın Yava adasının şərqində yerləşən Semeru vulkanı 900 metr hündürlüyə qədər kül püskürüb.
AFN.az xəbər verir ki, yerli rəsmilərin açıqlamalarına istinad edən “Jakarta Globe” qəzetinin məlumatına görə, Lumacanq və Malanq bölgələrinin sərhədində yerləşən vulkan yenidən aktivləşib.
Yerli vaxtla saat 06:19-da baş verən və 110 saniyə davam edən püskürmə nəticəsində kül 900 metr hündürlüyə qalxıb.
Vulkanda altı saat ərzində 31 vulkanik zəlzələ qeydə alınıb.
İndoneziyanın xəbərdarlıq sisteminə əsasən, vulkanın təhlükə səviyyəsi 3-cü dərəcə kimi qiymətləndirilir.
Sakit okeanın “Od halqası” adlanan seysmik və vulkanik qurşağında yerləşən İndoneziyada təxminən 130 aktiv vulkan var.
