Şimali Koreya Yapon dənizi istiqamətinə bir neçə ballistik raket buraxıb
Cənubi Koreya hökuməti Şimali Koreyanın Yapon dənizi istiqamətinə bir neçə ballistik raket buraxdığını açıqlayıb.
AFN.az xəbər verir ki, Yonhap agentliyinin məlumatına görə, Cənubi Koreya Baş Qərargahından verilən açıqlamada Şimali Koreyanın dəniz istiqamətində buraxdığı ballistik raketlərin suya düşməzdən əvvəl 900 kilometrdən çox məsafə qət etdiyi bildirilib.
Açıqlamada ilkin qiymətləndirmələrin Pxenyanın bu addımının Seul hökumətinin yerli istehsal olan hipersəs raket sistemini sınaqdan keçirməsinə etiraz ola biləcəyinə və raket imkanlarını qəsdən nümayiş etdirmək məqsədi daşıdığına işarə etdiyi qeyd olunub.
Raketlərin hipersəs, yoxsa orta mənzilli olduğunu müəyyənləşdirmək üçün əlavə təhlillərin aparılmasının zəruri olduğu bildirilib.
Kyodo agentliyinin məlumatına görə, Yaponiya diplomatik kanallar vasitəsilə Şimali Koreyaya etirazını bildirib və Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının (BMT TŞ) müvafiq qətnamələrini pozan raket buraxılışlarını sərt şəkildə pisləyib.
Şimali Koreya oktyabrın 3-də də Yapon dənizi istiqamətinə ballistik raket buraxıb. Həmin vaxt Şimali Koreya lideri Kim Çen In ölkəsinin hipersəs strateji silah sistemi çərçivəsində orta mənzilli strateji raketin sınağına nəzarət edib.
Cənubi Koreya Prezidenti Li Ce Myon oktyabrın 1-də verdiyi açıqlamada Şimali Koreya ilə hərbi gərginliyin azaldılması və iki ölkə arasında etimadın bərpası üçün konkret addımlar atmağa davam edəcəklərini bildirib.

