Şimali Koreya həqiqi sursatla hərbi təlim keçirdiyini açıqlayıb
Şimali Koreya artilleriya sistemləri və pilotsuz uçuş aparatlarının (PUA) iştirakı ilə həqiqi sursatdan istifadə edilən atış təlimi keçirdiyini açıqlayıb.
AFN.az xəbər verir ki, Şimali Koreyanın rəsmi Koreya Mərkəzi Xəbər Agentliyinin (KCNA) məlumatına görə, Pxenyan sentyabrın 12-də inteqrasiya olunmuş silah idarəetmə sisteminin fəaliyyətinin sınaqdan keçirildiyi hərbi təlim təşkil edib.
Artilleriya sistemləri və PUA-ların istifadə olunduğu həqiqi sursatdan atəş təlimini izləyən marşal Pak Çonq Çon tətbiq edilən silah sistemlərinin nəhəng dağıdıcı güc nümayiş etdirdiyini bildirib.
Pak Çonq Çon təlimin düşmənin silahlı qüvvələrini təşkilati və struktur baxımından sıradan çıxarmaq üzrə hazırlıq səviyyəsini artıracağını qeyd edib.
Şimali Koreyanın keçirdiyi təlim ABŞ, Cənubi Koreya və Yaponiyanın “Freedom Edge” hərbi təlimini başa çatdırmasından bir gün sonra təşkil olunub.
Müxtəlif növ silahların eyni vaxtda istifadə edildiyi təlimin Cənubi Koreya və ABŞ-nin hava hücumundan müdafiə sistemlərini aşmaq imkanlarının inkişaf etdirilməsinə yönəldiyi qiymətləndirilir.
Cənubi Koreya Baş Qərargahının sentyabrın 12-də yaydığı açıqlamada Şimali Koreyanın Şərq dənizi istiqamətində bir neçə qısa mənzilli raket buraxdığı bildirilib. Raketlərin dənizə düşməzdən əvvəl təxminən 250 kilometr məsafə qət etdiyi qeyd olunub.

