İsveçrədə bayquşların rəngi dəyişir: Genetik araşdırma



İsveçrədə yaşayan adi anbar bayquşları son 30 ildə daha qırmızı-qəhvəyi rəng alıb və tüklərindəki ləkələr daha sıx olub. 3 mindən çox bayquşun DNT-sinin təhlili təbii seçilimin təsirini üzə çıxarıb. Tədqiqatçılar tüklərdəki dəyişikliklərin üstünlüyünün rəngin özündən daha çox streslə mübarizə ilə bağlı ola biləcəyini bildirirlər.

AFN.az xəbər verir ki, tədqiqatçılar bayquşların tükləri ilə əlaqəli DNT variantlarını izləyərək təxminən on nəsil ərzində təsir göstərən təbii seçilimin sübutlarını aşkar edib və təbiətdə baş verən dəyişikliklərin ətraflı mənzərəsini təqdim ediblər.

Nature Communications jurnalında dərc olunan araşdırmaya Lozanna Universitetinin Biologiya və Tibb fakültəsinin Ekologiya və Təkamül bölməsinin tədqiqatçısı, doktor Tristan Kümer rəhbərlik edib. Professor Jerom Qudenin komandasında çalışan Kümer və həmkarları rəng və ləkələnmə ilə əlaqəli genetik variantların zamanla hansı tezlikdə yayıldığını araşdırıblar.

Əsas çətinliyin təsadüfən baş verə biləcək dəyişiklikləri təbii seçilimin formalaşdırdığı dəyişikliklərdən ayırmaq olduğu bildirilib.

Məqalənin aparıcı müəllifi Kümer populyasiyada müşahidə edilən dəyişiklikləri tamamilə təsadüfi proseslərin baş verdiyi simulyasiyalarla müqayisə etdiklərini deyib. Onun sözlərinə görə, qırmızı-qəhvəyi tüklərlə əlaqəli genetik variantın yayılması təsadüflə izah edilə biləcək səviyyədən xeyli yüksək olub. Yalnız təbii seçilimin nəzərə alındığı simulyasiyalar isə müşahidə etdikləri dəyişiklikləri təkrarlayıb.

Təhlilin genişmiqyaslı genetik sekvensləşdirməyə və onilliklər ərzində aparılan çöl tədqiqatları zamanı toplanmış məlumatlara əsaslandığı bildirilib.

Tədqiqatın son müəllifi, İsveçrə Bioinformatika İnstitutuna bağlı Qude bildirib ki, bu yırtıcı quşları onilliklər ərzində təbiətdə izləyən Aleksandr Rulen və qrupunun topladığı böyük həcmli məlumatlar sayəsində 3 mindən çox bayquşun bütün genomlarını sekvensləşdirmək, rəng və ləkələnmə ilə əlaqəli DNT variantlarını müəyyənləşdirmək mümkün olub. Qudenin sözlərinə görə, bu, vəhşi populyasiya üzərində indiyədək aparılmış ən ətraflı genetik təhlillərdən biridir.

Tədqiqatçılar quşların görünüşündə mühüm rol oynayan genetik bölgələri müəyyən ediblər. Bunlara piqmentasiyaya təsir göstərdiyi məlum olan MC1R geni və rənglə ləkələnməyə töhfəsi dəqiqləşdirilən cinsiyyət xromosomundakı bir bölgə daxildir. Bununla belə, bu əlaqələrin müəyyən edilməsi təbii seçilimin məhz hansı xüsusiyyəti dəstəklədiyini sübut etmir.

Qude təbii seçilimin birbaşa təsir göstərdiyi xüsusiyyətin tük rənginin olub-olmadığını bilmədiklərini bildirib. Onun sözlərinə görə, MC1R piqmentasiyada rol oynasa da, stresə reaksiya və aqressivlik kimi digər xüsusiyyətlərlə də əlaqəli olan melanokortin sisteminin bir hissəsidir. Buna görə də seçilim bu xüsusiyyətlərdən birinə təsir göstərə, bayquşların görünüşündəki dəyişiklik isə yalnız əlavə nəticə kimi ortaya çıxa bilər.

Adi anbar bayquşlarının tüklərinin rəngi ağdan tünd qırmızı-qəhvəyiyə qədər dəyişir, aralarda isə qızılı-qəhvəyi çalarlar müşahidə olunur. Bəzi quşların sinəsində cəmi bir neçə solğun tünd ləkə olduğu halda, digərlərində daha aydın və sıx naxışlar var. Lozanna Universitetində aparılan tədqiqatlar bu fərqləri quşların xarici görünüşündən kənar xüsusiyyətləri ilə əlaqələndirib.

Tük rənginin çoxalma, ovlanma strategiyaları və qidalanma ilə bağlı olduğu məlumdur. Məsələn, universitetin əvvəlki hesabatında qeyd edildiyi kimi, ağ rəngli anbar bayquşları ovlarına hücum edərkən ay işığından öz xeyirlərinə istifadə edirlər. Ləkələnmənin isə immunitet və streslə mübarizə qabiliyyəti ilə əlaqəli olduğu bildirilir. Böyük qara ləkələri olan quşların qida çatışmazlığı və parazitlər kimi müəyyən stresli şəraitə daha yaxşı dözdüyü müşahidə edilib.

Bu əlaqələr son dəyişikliklərin mümkün izahlarını təqdim etsə də, onlara səbəb olan ekoloji amillər hələ müəyyən edilməyib. Lozanna Universitetinin Ekologiya və Təkamül bölməsinin professoru, tədqiqatın həmmüəlliflərindən Aleksandr Rulen qida ehtiyatındakı dəyişikliklərin və ya ətraf mühit stresinin bu prosesdə rol oynaya biləcəyini irəli sürüb.

Rulenin sözlərinə görə, ovların əlçatanlığındakı dəyişiklik daha çox çöl siçanı ilə qidalanan qırmızı-qəhvəyi bayquşlara üstünlük qazandıra bilər. Ağ bayquşlar isə daha çox meşə siçanları ilə qidalanmağa meyillidirlər. O, ləkələnmənin artmasının ətraf mühit stresinin güclənməsi ilə əlaqəli ola biləcəyini də bildirib.

Rulen qeyd edib ki, fərdlər arasında rəng fərqləri nəzərəçarpacaq dərəcədə olsa da, bu müxtəlifliyi hansı ekoloji amillərin izah etdiyini müəyyənləşdirmək hələ də olduqca çətindir.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu