BMT Fransada tələbələrə qarşı zorakılığı pisləyib



Birləşmiş Millətlər Təşkilatının (BMT) məruzəçiləri Fransada tələblərinin yerinə yetirilməsi üçün nümayiş keçirən tələbə və gənclərin məruz qaldığı zorakılığın səviyyəsindən dəhşətə gəldiklərini bildiriblər. 

AFN.az xəbər verir ki, BMT məruzəçiləri məsələ ilə bağlı yazılı açıqlama yayıblar.

Fransa boyunca keçirilən yürüşlərə diqqət çəkilən açıqlamada bildirilib ki, qanunun aliliyi prinsipi ilə idarə olunan dövlətdə həddindən artıq güc tətbiqi, zorakılıq və kütləvi həbslər ictimai etiraz hərəkatına uyğun cavab üsulları deyil.

Açıqlamada Fransada uzun müddətdir gözlənilən tələblərini dilə gətirmək üçün nümayiş keçirən tələbə və gənclərin məruz qaldığı zorakılığın səviyyəsindən dəhşətə gəlindiyi qeyd olunub.

İşlək təhsil sistemi, təhsil almaq üçün insana layiq maddi şərait, uyğun məktəb və universitet proqramları kimi tələblərin müəllimlər tərəfindən uzun müddətdir irəli sürüldüyü xatırladılıb. Həmçinin 2026-cı ilin sentyabr ayının ortalarından etibarən Fransada əvvəlcə lisey şagirdləri arasında, daha sonra isə universitet tələbələrinin iştirakı ilə etiraz hərəkatının güclənməyə başladığı bildirilib.

Açıqlamada qeyd olunub ki, hakimiyyət orqanları oktyabr ayında dialoqu asanlaşdırmaq və tələbələrin tələblərinə cavab vermək üçün müxtəlif təşəbbüslərə başlasalar da, etirazlara ilk növbədə təhlükəsizlik yönümlü yanaşılması səfərbərliyin əsas səbəblərinin nəzərdən kənarda qalmasına gətirib çıxarıb. Təhsil hüququnun təmin edilməsi beynəlxalq öhdəlikdir və bu, xüsusilə mövcud resursların maksimum səviyyədə səfərbər olunmasını tələb edir.

BMT məruzəçiləri polis əməliyyatları zamanı yetkinlik yaşına çatmayan nümayişçilərin aldığı ciddi, bəzi hallarda isə geri dönməz xəsarətlərin qəbuledilməz olduğunu və onlara haqq qazandırıla bilməyəcəyini vurğulayıblar.

Açıqlamada polis əməkdaşlarının yaralanmasından, çoxsaylı binalara ziyan dəyməsindən və mağazaların dağıdılmasından təəssüf hissi keçirildiyi bildirilib, bu zorakılıq əməlləri pislənib.

Həmin hadisələrin araşdırılması və təqsirkarların ədalət mühakiməsinə cəlb edilməsi üçün tədbirlər görülməsinə çağırış edilib.

Açıqlamada əksəriyyəti yetkinlik yaşına çatmayanlardan ibarət bir neçə min insana təsir edən həbslərin və saxlanılmaların miqyasının qeyri-mütənasib göründüyü bildirilib. Qeyd olunub ki, bu addımlar nümayişçilərin ifadə azadlığından və dinc toplaşmaq hüququndan istifadə etməsinə mane olur. BMT məruzəçilərinin məsələ ilə bağlı Fransa rəsmiləri ilə təmasda olduğu da vurğulanıb.

Fransada lisey şagirdləri təhsil şəraitinin yaxşılaşdırılması tələbi ilə həftələrdir etiraz aksiyaları keçirirlər.

Universitet tələbələrinin də dəstəklədiyi aksiyalar çərçivəsində təxminən 8 min nəfər saxlanılıb.

Lisey şagirdlərinin etirazları zamanı bir şagird bir gözünü, digəri isə bir əlini itirib.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu