Kuba prezidenti BMT-dəki səsverməni qələbə adlandırıb



Kuba prezidenti Migel Dias-Kanel Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasında ABŞ-ın Kubaya tətbiq etdiyi iqtisadi, ticarət və maliyyə embarqosuna son qoyulmasının zəruriliyi ilə bağlı qətnamə layihəsinin qəbul edilməsini Kuba xalqının qələbəsi kimi qiymətləndirib. 

AFN.az xəbər verir ki, Dias-Kanel ABŞ mərkəzli X platformasındakı hesabında BMT Baş Assambleyasında keçirilən səsvermənin nəticələrini dəyərləndirib.

BMT-yə üzv ölkələrin ABŞ-a boyun əymədiyini vurğulayan Dias-Kanel bildirib ki, dünya səsvermənin gedişini dəyişmək üçün ABŞ-ın tətbiq etdiyi ən kobud təzyiq və şantaj cəhdlərinə baxmayaraq, yenidən böyük səs çoxluğu ilə blokadaya qarşı mövqe nümayiş etdirib.

O qeyd edib ki, Kubanın BMT Baş Assambleyasında qazandığı bu qələbə ABŞ hökumətinin iqtisadi boğma siyasətinə, təhdidlərinə və sui-istifadə hallarına təslim olmayan qəhrəman Kuba xalqının qələbəsidir. Dias-Kanelin sözlərinə görə, bu, bütöv bir xalqı kollektiv şəkildə cəzalandırmaq və itaətə məcbur etmək məqsədilə yalana və şantaja güvənənlərə qarşı həqiqətin qələbəsidir. O, Kuba təhlükə olmadığını, təhlükənin blokada olduğunu vurğulayıb.

BMT Baş Assambleyası ABŞ-ın Kubaya tətbiq etdiyi iqtisadi, ticarət və maliyyə embarqosuna son qoyulmasının zəruriliyi ilə bağlı qətnamə layihəsini 17 əleyhinə, 130 lehinə səslə qəbul edib.

Səsvermədə Türkiyənin də daxil olduğu 130 ölkə Kubaya qarşı embarqonun dayandırılmasını nəzərdə tutan layihəyə lehinə səs verib. ABŞ, İsrail, Ukrayna, Argentina və Birləşmiş Ərəb Əmirliklərinin də daxil olduğu 17 ölkə isə embarqonun davam etdirilməsinin lehinə səs verib.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu