Microsoft-un mənfəəti rekord həddə çatıb



Texnologiya nəhəngi “Microsoft” süni intellekt infrastrukturuna milyardlarla dollar sərmayə yatırmağa davam edərkən, işçi qüvvəsinin 25 faizdən çox azaldılacağını açıqlamasından cəmi bir neçə gün sonra sentyabrın sonunda başa çatan üç aylıq dövr üzrə mənfəətinin 36,6 milyard dolları keçdiyini bildirib. 

AFN.az xəbər verir ki, şirkətin maliyyə nəticələri bulud texnologiyaları sahəsində güclü artım fonunda açıqlanıb.

“Windows” əməliyyat sisteminin yaradıcısı olan şirkət xərcləri azaltmaq məqsədilə bazar ertəsi təxminən 60 min əməkdaşına könüllü işdən ayrılma və təzminat paketi təklif edəcəyini açıqlayıb. Bir çox digər iri texnologiya şirkəti kimi “Microsoft” da böyük həcmli xərclərin nəticə verib-verməyəcəyi ilə bağlı suallara baxmayaraq, süni intellekti dəstəkləyən infrastruktura ciddi sərmayələr yatırır.

New York Fond Birjasında ticarət sessiyasından sonrakı əməliyyatlarda “Microsoft” səhmləri təxminən 2,9 faiz bahalaşıb. İri texnologiya şirkətlərinin son maliyyə nəticələri süni intellektə yönəldilən böyük xərclərin davamlı olub-olmadığını qiymətləndirən investorlar tərəfindən diqqətlə izlənilir. “Amazon”, “Meta” və “Alphabet” kimi böyük texnologiya şirkətlərinin bu il süni intellekt çipləri və məlumat mərkəzləri də daxil olmaqla infrastruktura 700 milyard dollardan çox vəsait xərcləyəcəyi gözlənilir.

“Microsoft” çərşənbə günü açıqlayıb ki, bulud hesablama biznesindəki güclü artımın təsiri ilə üç aylıq gəliri ötən ilin eyni dövrü ilə müqayisədə 19 faiz artaraq 92,3 milyard dollara çatıb. Şirkətin maliyyə nəticələrinə korporativ texnologiya xidmətlərini əhatə edən “Microsoft Cloud” bölməsinin gəlirlərində qeydə alınan 30 faizlik artım da müsbət təsir göstərib.

Şirkət maliyyə vəziyyətinə təsir edə biləcək qeyri-müəyyənliklərə, eləcə də süni intellektə yönəldilən əhəmiyyətli investisiyalara diqqət çəkib. “Microsoft”un baş icraçı direktoru Satya Nadella süni intellektin inkişafı istiqamətində görülən işlərin bu texnologiyanın tətbiqini genişləndirdiyini və bütün sahələrdə real nəticələr yaratdığını bildirib.

Şirkət bu həftə işçi qüvvəsini dəyişən ehtiyaclara uyğunlaşdırmaq məqsədilə Kanada, Hindistan, Britaniya və ABŞ-dakı komandalarında uyğun əməkdaşlara könüllü işdən ayrılma və təzminat təklifini genişləndirəcəyini açıqlayıb. “Microsoft” bunun şirkətə daha böyük çeviklik qazandıracağını, əməkdaşların isə maliyyə dəstəyi və karyera planlaşdırılması imkanlarından yararlanaraq işdən ayrılmasına şərait yaradacağını bildirib. Hazırda şirkət dünya üzrə 220 mindən çox insanı işlə təmin edir.

“Microsoft”un gözləntiləri üstələyən maliyyə nəticələri “Google”un ana şirkəti “Alphabet”in çərşənbə günü açıqladığı məyusedici nəticələrlə ziddiyyət təşkil edib. “Alphabet” üç aylıq xalis mənfəətinin ötən ilin eyni dövrü ilə müqayisədə 25 faiz azaldığını açıqlayıb və süni intellektə böyük həcmdə vəsait yatırmağa davam edəcəyini bildirib. Bu açıqlamalardan sonra şirkətin səhmləri 9,75 faiz ucuzlaşıb.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu