Tramp Vensin İranla danışıqlar iddiasını təkzib edib
ABŞ prezidenti Donald Tramp vitse-prezident JD Vensə İranla danışıqları bərpa etmək üçün tapşırıq verdiyi barədə iddianı təkzib edərək, Vensin yalnız İranın ehtiyac duyduğu tibbi ləvazimatların təmin edilməsinə kömək etdiyini bildirib.
AFN.az xəbər verir ki, Tramp Ohayoda qatılacağı seçki mitinqi üçün Vaşinqtondan ayrılarkən hava limanında jurnalistlərin suallarını cavablandırıb.
JD Vensə sülh danışıqlarına başlamaq üçün İranla görüşməyi tapşırıb-tapşırmadığı barədə suala Tramp mənfi cavab verib. O bildirib ki, İranın tibbi ləvazimatlarla bağlı köməyə ehtiyacı olub və Vens bu məsələ barədə onun fikrini soruşub. Trampın sözlərinə görə, o, buna razılıq verib və nəticədə xəstələrə kömək etmək üçün lazımi ləvazimatlar təmin edilir.
ABŞ prezidentinin İranla bağlı açıqlaması Amerikanın “The Wall Street Journal” (WSJ) qəzetinin Trampın Vensə İranla danışıqları bərpa etmək üçün tapşırıq verdiyi barədə iddiasından dərhal sonra səslənib.
WSJ ABŞ rəsmilərinə istinadən yaydığı xəbərdə iddia edib ki, Trampın göstərişi ilə Vens sülh danışıqlarını bərpa etmək məqsədilə İranın ən yüksək səviyyəli təhlükəsizlik rəsmisi Möhsün Rzaiyə məktub göndərib.
