Tramp: Danışıqlar İranın yaxşı saziş imzalaması üçün son şansdır
ABŞ Prezidenti Donald Tramp İranla danışıqların davam etdiyini və bunun Tehran üçün yaxşı saziş imzalamaq baxımından son şans olduğunu bildirib.
AFN.az xəbər verir ki, Tramp bu barədə Ağ Evdə keçirilən prezident fərmanlarının imzalanması mərasimindən sonra jurnalistlərin suallarını cavablandırarkən danışıb.
ABŞ Prezidenti bildirib ki, İranla danışıqlar bu gün yenidən başlayıb və hazırda davam edir. Onun sözlərinə görə, Tehran danışıqlarla bağlı bir-birini təkzib edən açıqlamalar verir.
Tramp "Hazırda İranın xahişi ilə Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Qətər və digər ölkələrin də dəstəklədiyi danışıqları aparırıq. Bu, onların yaxşı saziş əldə etməsi üçün son şansdır" deyib.
ABŞ Prezidenti qeyd edib ki, əgər adıçəkilən Körfəz ölkələri hücumların dayandırılmasını xahiş etməsəydi, İkinci Dünya müharibəsindən sonrakı dövrün ən iri hərbi əməliyyatlarından birinə başlamağa hazır idilər. Onun sözlərinə görə, həmin ölkələrdən gələn telefon zəngindən sonra hücum qərarını dayandırıb.
Tramp başqa bir suala cavabında isə "İranın başını kəsməzdən əvvəl ona son bir şans vermək istəyirəm. Ümid edirəm ki, sağlam düşüncə nümayiş etdirəcəklər. Görək nə baş verəcək" deyə qeyd edib.
O, həmçinin bildirib ki, ABŞ İranla danışıqlar apardığı halda, Tehran bəzən ictimaiyyətə "ABŞ ilə heç bir görüş keçirmədikləri" barədə açıqlamalar verir və bu vəziyyət onu narahat edir.
Trampın sözlərinə görə, danışıqların birinci mərhələsində əsas məsələ Hörmüz boğazının tam açılması, ikinci mərhələsində isə İranın nüvə proqramı müzakirə olunacaq.
ABŞ Prezidenti bildirib ki, Hörmüz boğazından keçən gəmilərdən İran heç bir ödəniş ala bilməz. O "Hazırda boğaza tam nəzarət bizdədir. Əgər kimsə ödəniş alacaqsa, bunu biz alarıq" deyə əlavə edib.
Tramp vurğulayıb ki, ABŞ İranın nüvə potensialının tamamilə aradan qaldırılmasını istəyir və bu məsələdə başqa heç bir variantı qəbul etməyəcək.
