Tramp: İranla nüvə sazişi bağlanana qədər dəniz blokadası davam edəcək
ABŞ Prezidenti Donald Tramp İranın nüvə proqramı ilə bağlı Vaşinqtonun narahatlıqlarını aradan qaldıran yeni bir saziş qəbul edilənə qədər bu ölkəyə qarşı tətbiq edilən dəniz blokadasının qüvvədə qalacağını bəyan edib.
AFN.az xəbər verir ki, Amerikanın "Axios" xəbər platformasına telefonla müsahibə verən Tramp İranla mümkün razılaşma prosesini dəyərləndirib. Ağ Ev rəhbəri rəsmi Tehranın əvvəlcə Hörmüz boğazının açılması, nüvə sazişi məsələsinin isə sonraya saxlanılması ilə bağlı təklifini rədd etdiklərini bildirib. İran limanlarına tətbiq edilən dəniz blokadasının davam edəcəyi mesajını verən Tramp iranlıların razılaşmaq istədiklərini, lakin Tehranın nüvə silahına sahib olmaması üçün blokadanın qaldırılmasına razı olmayacağını vurğulayıb.
ABŞ Prezidenti qeyd edib ki, dəniz blokadası İranın limanlarını bombalamaqdan daha effektiv üsuldur və bu təzyiq nəticəsində ölkə iqtisadiyyatı ciddi şəkildə sarsılır. Donald Trampın sözlərinə görə, mövcud vəziyyət İran üçün getdikcə pisləşəcək və onların nüvə silahı əldə etməsinə heç bir halda icazə verilməyəcək. Tramp həmçinin dəniz blokadasının Tehranın neft ehtiyatları üzərində böyük təzyiq yaratdığını, ölkənin hər gün ciddi iqtisadi itkilərə məruz qaldığını və İranın bu duruma uzun müddət tab gətirə bilməyərək sonda razılaşma masasına oturmağa məcbur olacağını müdafiə edib.
