FED uçot dərəcəsini sabit saxlayıb



ABŞ Federal Ehtiyat Sistemi (FED) uçot dərəcəsini gözləntilərə uyğun olaraq 3,75-4 faiz aralığında sabit saxlayıb. 

AFN.az xəbər verir ki, FED-in açıqlamasında faiz dərəcəsinin dəyişməz saxlanılması barədə qərarın 10 lehinə, 2 əleyhinə səslə qəbul edildiyi bildirilib.

Açıqlamada FED İdarə Heyətinin üzvü Lisa Kuk və Klivlend Federal Ehtiyat Bankının rəhbəri Bet Həmmakın pul siyasəti ilə bağlı qərara qarşı səs verdikləri qeyd olunub. Bildirilib ki, həmin rəsmilər bu iclasda uçot dərəcəsinin 25 baza bəndi artırılmasının tərəfdarı olublar.

Açıqlamada Federal Açıq Bazar Komitəsinin (FOMC) FED-in ikili mandatını dəstəkləmək məqsədilə federal fondlar üzrə faiz dərəcəsinin hədəf aralığını 3,75-4 faiz səviyyəsində saxlamaq qərarı verdiyi bildirilib. Bank sistemində kifayət qədər ehtiyatın təmin edilməsinə yönəlmiş siyasətin də davam etdirildiyi qeyd olunub.

İqtisadi fəallığın güclü templə genişləndiyi vurğulanan açıqlamada, qismən geosiyasi hadisələrlə bağlı qeyri-müəyyənliyin yüksək səviyyədə qalmasına baxmayaraq, daxili xərclərin dayanıqlı olduğu bir daha bildirilib.

Açıqlamada inflyasiyanın yüksək səviyyədə qalmağa davam etdiyi qeyd edilib. Bildirilib ki, əlavə məlumatların əldə olunması inflyasiyanın vaxtında 2 faizlik hədəfə qayıtmasını təmin etmək üçün Komitəyə uyğun pul siyasəti mövqeyini müəyyənləşdirməkdə kömək edəcək.

FED ötən ilin sentyabr, oktyabr və dekabr aylarında uçot dərəcəsini ümumilikdə 75 baza bəndi endirdikdən sonra bu ilin ilk beş iclasında da faiz dərəcəsini dəyişməz saxlamışdı.

Son dövrdə inflyasiyanın hədəfdən yüksək səviyyədə qalmağa davam etdiyini göstərən məlumatlar faiz artımı ilə bağlı gözləntiləri gücləndirmişdi.

Bank sentyabr ayında 2023-cü ildən bəri ilk dəfə faiz artımına gedərək, uçot dərəcəsini gözləntilərə uyğun olaraq 25 baza bəndi yüksəltmişdi.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu