FED faiz dərəcəsini sabit saxladı



ABŞ Federal Ehtiyat Sistemi (FED) bazar gözləntilərinə uyğun olaraq uçot faiz dərəcəsini 3,50-3,75 faiz diapazonunda dəyişməz saxlayıb.

AFN.az xəbər verir ki, FED-in yaydığı açıqlamada faiz dərəcəsinin sabit saxlanılması barədə qərarın 9 səs lehinə, 3 səs əleyhinə olmaqla qəbul edildiyi bildirilib.

Açıqlamada qeyd olunub ki, Klivlend Federal Ehtiyat Bankının rəhbəri Bez Hemmak, Minneapolis Federal Ehtiyat Bankının rəhbəri Nil Qaşqari və Dallas Federal Ehtiyat Bankının rəhbəri Lori Loqan qərara qarşı səs veriblər. Onlar bu iclasda uçot faizinin 25 baza bəndi artırılmasının tərəfdarı olublar.

FED bildirib ki, Federal Açıq Bazar Komitəsi (FOMC) mərkəzi bankın maksimum məşğulluq və qiymət sabitliyi ilə bağlı iki əsas mandatını dəstəkləmək məqsədilə federal fondlar üzrə hədəf faiz diapazonunu 3,50-3,75 faiz səviyyəsində saxlamaq qərarına gəlib.

Həmçinin Komitənin bank sistemində kifayət qədər ehtiyat vəsaitinin saxlanılması siyasətini davam etdirdiyi vurğulanıb.

Açıqlamada qeyd edilib ki, Yaxın Şərqdə davam edən münaqişələrin yaratdığı yüksək qeyri-müəyyənliyə baxmayaraq, ABŞ iqtisadiyyatı sabit tempdə böyüməyə davam edir. Məhsuldarlığın və kapital investisiyalarının güclü səviyyədə qaldığı bildirilib.

FED məşğulluğun əmək bazarındakı artımla paralel inkişaf etdiyini, işsizlik səviyyəsində isə ciddi dəyişiklik qeydə alınmadığını da açıqlayıb.

Bildirilib ki, enerji də daxil olmaqla bəzi sahələrdə təklif şoklarının qiymətlərə təsiri nəticəsində inflyasiya hələ də Komitənin 2 faizlik hədəfindən yüksək olaraq qalır. Bununla yanaşı, FED qiymət sabitliyinin təmin olunmasına sadiq olduğunu vurğulayıb.

FED ötən ilin ilk beş iclasında faiz dərəcəsini sabit saxlamış, sentyabr, oktyabr və dekabr aylarında isə ümumilikdə 75 baza bəndi endirim etmişdi.

Mərkəzi bank ötən il ardıcıl üç faiz endirimindən sonra cari ilin ilk dörd iclasında da uçot faizini dəyişməmişdi.

Son qərarla FED-in yeni sədri Kevin Uorş rəhbərliyi altında keçirilən ikinci iclasda da faiz dərəcəsi sabit saxlanılıb.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu