Brent neftinin qiyməti 94,28 dollara düşüb
Brent markalı neftin bir barelinin qiyməti ABŞ-da keçirilən aralıq seçkilərin təsiri ilə beynəlxalq fyuçers bazarlarında təxminən 9 faiz azalaraq 94,28 dollar səviyyəsinə geriləyib.
AFN.az xəbər verir ki, Brent neftinin yanvar fyuçerslərinin bir barelinin qiyməti bu gün saat 20:53-ə olan məlumata görə, əvvəlki günün bağlanış qiyməti ilə müqayisədə təxminən 9 faiz azalaraq 94,28 dollara düşüb. Eyni dəqiqələrdə Qərbi Texas markalı (WTI) xam neftin dekabr fyuçerslərinin bir barelinin qiyməti də 7,95 faiz ucuzlaşaraq 88,45 dollar olub.
Qiymətlərin aşağı düşməsinə ABŞ-da keçirilən aralıq seçkilərdən sonra Vaşinqtonun Yaxın Şərqdə yürüdəcəyi siyasətlə bağlı qeyri-müəyyənlik təsir göstərib.
ABŞ vətəndaşları yaşadıqları ştatlarda qubernator və digər yerli vəzifələrlə yanaşı, Konqresin Nümayəndələr Palatasındakı 435 yerin hamısı, Senatdakı 100 yerdən isə 35-i uğrunda səs veriblər.
Qeyri-rəsmi nəticələrə görə, seçkilərdə Demokratların Konqresin hər iki palatasında çoxluğu əldə etdiyi görünür.
ABŞ-ın vitse-prezidenti Cey Di Vens Respublikaçıların aralıq seçkilərdəki məğlubiyyətini İranla davam edən müharibə ilə əlaqələndirib. O bildirib ki, seçicilərin münaqişəyə qəzəbi əvvəllər ABŞ Prezidenti Donald Trampı dəstəkləyən şəxslərin Demokratlara yönəlməsinə səbəb olub.
Vens ABŞ mərkəzli X sosial media platformasındakı paylaşımında məğlubiyyətlərinin səbəbinin müharibə olduğunu bildirib.
Bu vəziyyətin Trampın prezidentlik müddətinin qalan hissəsində siyasətini həyata keçirməsini çətinləşdirə biləcəyi bildirilir. Neft bazarlarında Vaşinqtonun İrana qarşı atacağı addımlar izlənilir.
Tərəflər arasında diplomatik təmasların davam etməsi də qiymətlərə aşağı istiqamətli təzyiqi artırıb.
