Evi su basırdı... Tabutdakı şəhid qardaşım deyildi... Həmin yolla təzə evə getdim...- çin olan yuxular
İnsanların yuxulara münasibəti fərqlidir. Bəziləri yuxuları şüuraltının yaratdığı təsvirlər kimi qəbul edir, digərləri isə dünyasını dəyişmiş yaxınlarımızın yuxularımıza girməsində müəyyən bir məna olduğuna inanır. Xüsusilə də yuxuda görülən hadisələrin sonradan gerçəkləşməsi ilə bağlı danışılanlar bu mövzunu daha da maraqlı edir.
Jurnalist Zaira Akifqızının sosial şəbəkədə paylaşdığı bir status da bu baxımdan diqqət çəkib. O, dünyasını dəyişmiş qardaşını yuxuda gördüyünü, həmin yuxuda eşitdiklərinin isə real həyatda baş verdiyini yazıb. Paylaşım izləyicilər arasında geniş müzakirəyə səbəb olub. Statusa gələn rəylərdə insanlar öz həyatlarında yaşadıqları, bəzən təsadüf adlandırmaqda çətinlik çəkdikləri hadisələri bölüşüblər.
Zaira Akifqızının statusunu təqdim edirik:
“Yuxulara inanırsınız? Dünyadan köçən yaxınlarınızı heç yuxuda görürsünüzmü?
Mən demək olar ki, hər gün dünyasını dəyişmiş qardaşımı yuxumda görürəm. Ən qəribəsi isə budur ki, onun yuxuda mənə dedikləri real həyatda baş verir.
Bir müddət əvvəl gördüyüm yuxunun təsirindən hələ də çıxa bilmirəm...
Yuxuda görürəm ki, evdəyəm, uzanmışam və yatıram. Gözümü açıram ki, qardaşım başımın üstündədir, otaqda o tərəfə-bu tərəfə gedib-gəlir. Üstəlik, onu heç vaxt evdə olanda belə köynəksiz görməmişdim. Həmişə əynində koftası olardı, amma bu dəfə əynində yalnız şalvar var idi.
Təəccüblə soruşuram ki, Fərid, sən burada neynirsən? Özü də niyə paltarsızsan? O isə mənə deyir ki, evi su basır, ona görə paltarsızam.
Bu sözləri eşidən kimi yuxudan oyanıram. Gecə saat üçdür. Öz-özümə deyirəm ki, bu, sadəcə yuxudur, axı qardaşım artıq həyatda yoxdur... Amma içimdə qəribə bir narahatlıq yaranır. Durub işığı yandırıram və görürəm ki, doğrudan da, evə su axır! Su xətti partlamışdı. Dərhal müdaxilə edib suyun qarşısını alıram.
İndi özünüz düşünün... Mən yatmışam, gecənin bu vaxtında evdə baş verənlərdən xəbərim yoxdur. Amma dünyasını dəyişmiş qardaşımı yuxumda görürəm və o, mənə evə su dolduğunu deyir. Oyanıb baxanda isə bunun həqiqətən baş verdiyini görürəm.
Aradan günlər keçsə də, hələ də həmin gecənin şokunu yaşayıram. Bu, necə baş verə bilərdi? Təsadüf idi, yoxsa izah edə bilmədiyimiz nələrsə var?
Siz necə düşünürsünüz? Dünyasını dəyişmiş yaxınlarımız yuxularımıza niyə girirlər? Heç belə bir hadisə yaşamısınız?”
Paylaşımın altında diqqət çəkən rəylər də yer alıb. Bəzi istifadəçilər mərhum yaxınlarının yuxuda onları təhlükədən xəbərdar etdiyini, digərləri isə yuxuda gördükləri hadisələrin illər sonra eynilə gerçəkləşdiyini iddia ediblər.
Elyar İslamoglu şəhid qardaşı ilə bağlı yaşadığı hadisəni bölüşüb:
“Şəhid qardaşımın nəşinin qospitala gətirildiyi haqda axşam mənə xəbər vermişdilər. Səhər gedib nəşi Naxçıvana aparmalıydım. Səhərə qədər yata bilmədim, səhərüzü oturduğum yerdə mürgüləmişəm. Qardaşım yuxuda mənə dedi ki, qospitaldakı mən deyiləm, səhv gətiriblər. Ordakı başqasıdır.
Səhər qospitala getdim, yuxunun təsiri ilə tabutu məcbur edib açdırdım. Tabutdan qardaşım yox, başqa şəhid çıxdı. Şəhidləri tabuta qoyarkən nömrələri səhv salmışdılar. Yuxuda görməsəm qardaşımın əvəzinə başqa şəhidi aparıb dəfn edəcəkdik. O hadisədən sonra qardaşımla bağlı yuxulara inanıram”.
Nübar Lətifli isə tanıdığı bir insanın yuxularla bağlı düşüncəsinin necə dəyişdiyini danışıb:
“Mən yuxulara çox inanıram, özümün yuxuları isə həmişə xəbərçidir. Amma tanıdığım birinin yuxu ilə bağlı inancının necə dəyişdiyinin şahidi olmuşam.
Həmin adam dinsiz idi, ateist filan yox ha, savadsız şəkildə hər şeyi rədd edirdi. Valideynləri buna uşaq vaxtı qurban deyiblər, bu da deyinib ki, nə qurbanı, mən heç nəyə inanmıram, qurbanı neynirəm. Nəsə, atası qoyunu alıb bağlayıb həyətə ki, səhər gəlib kəssinlər.
Gecə bunun yuxusuna biri girir, deyir mən İbrahim peyğəmbərəm, bütün qurbanların atası. Amma sənə qurban düşmür, onun canını alaram, sənə qurban kəsilməyinə qoymaram. Deyir, elə deyib toxundu qoyuna, qoyun yıxılıb öldü. Deyir ayıldım, tez çıxdım həyətə. Heç qoyunun harda olduğunu, hara bağlandığını bilmirdim, amma gördüm yuxuda gördüyüm yerdə ölüb.
İnancsız adam tez inanmır axı, belə şeylərə təsadüf deyir. Bir gün də deyir yuxuda gördüm toyumdu, uzaq yerdən qız almışam, yolda gəlirik, avariya oldu, nə qədər qan, ölülər var idi. Bunu görəndə hələ tələbə idi, toy-zad məsələsi ümumiyyətlə yox idi, amma inanc yaranmışdı bir qədər. Yuxudan 4-5 il sonra evləndi, eynisi oldu, 4 nəfər ölmüşdü toy karvanında. İndi həmin adam dindar birinə çevrilib”.
Mamed Nağıyev adlı istifadəçi isə atasının onu yuxuda mümkün təhlükədən xəbərdar etdiyini bildirib:
“Maşın danışmışdım almağa, sabahısı sahibi özü gətirəcəkdi maşını. Yuxuda atam maşının qabağında durub sürməyə qoymurdu. Səhər açıldı, söylədim yuxumu. Dedilər ki, yuxudur, təzədən danışmısan, maşını gətirəcəklər, bukun nə isə.
1 il sürdüm və elə bir avariyaya düşdüm, 2 maşın yararsız hala düşdü. Polis mat qaldı, necə olub ki, sağ çıxmısınız. Və atamın ruhu əvvəldən məni xəbərdar eləmişdi. Nə isə, ruh var, elm də təsdiq edib, biz bilmədiyimiz çox şeylər var”.
Nəsibə Əliyeva həyatında baş verən hadisənin illər əvvəl gördüyü yuxu ilə üst-üstə düşdüyünü yazıb:
“90-cı ildə İsmayıllıdan Bakıya, amma heç zaman realda görmədiyim evə gəlin gəldim. 3 gün sonra yuxuda gördüm ki, küçədə azmışam, realda heç görmədiyim bir küçə ilə gedirəm, evimizi axtarıram. Qarşıma çox balaca bir oğlan uşağı çıxır. Amma çox balacadır. Uşağa deyirəm, mən çaşıb Əmircana getmişdim. Amma deyirlər Razinə getməlisən, evimiz orda imiş. İndi gəlmişəm, burda evimizi axtarıram, amma buraları tanımıram.
Uşaq çox balaca olmasına baxmayaraq mənə ana deyir. Əlimi tutub deyir, mən tanıyıram, bir az uzaqdır, amma gedə bilərik. Mən yuxumu yoldaşıma danışdım. Zarafatca dedi, mən də orda idim? Sonra dedi, yəqin Razində ev alacağıq nə vaxtsa. Mən Razinin heç adını da eşitməmişdim, dedim elə bir yer var? Dedi, apararam səni, görərsən. Həmin gün Talkuçkaya getdik. Yuxum bu imiş, bura gəldik, dedim.
Yuxu yadımdan da çıxdı. Müharibə başladı, 3 il sonra, 93-cü ildə yoldaşım Qarabağda şəhid oldu. Dövlət bizə Bakıxanovdan mənzil verdi. Yuxuda yol bir az uzaqdır deyən balaca oğlumun əlini tutub həmin yolla mənzilin açarını almağa binanın həyətinə getməli idik.
Heç kimdən, marşrutdan harda düşəcəyimi soruşmadan yuxuda gördüyüm küçə ilə gedəndə küçəni nə vaxtsa görmüşəm, mən bura nə üçünsə gəlmişəm, öz-özümə danışırdım. Həyətə çatanda göz yaşımı güclə saxladım, yuxum yadıma düşdü. Bu küçə, bu ev yuxudan mənə tanış idi. Oktayın məndən soruşduğu kimi, o yanımızda yox idi”.
Məsmə Ənsərli isə mərhum nənəsinin yuxuda onu yanğından xilas etdiyini söyləyib:
“Mənim dayımqızı qaz peçinin üstündə mürəbbə bişirirmiş, qaz da çox zəif gəlirmiş. Deyir, işdən yorğun gəlmişdim, dedim bir az uzanım, dincimi alım, bir azdan durub baxaram. Gözümə yuxu gedib, yatmışam.
Yuxumda görürəm 40 il bundan əvvəl rəhmətə getmiş nənəm gəlib məni yuxudan oyadır. Mən də deyirəm ki, ay nənə, yorulmuşam, qoy yatım. Deyir, nənəm üstümə elə qışqırdı ki, ay bala, evin yanır, dur!
Bir də ayıldım ki, evi tüstü-duman götürüb. Qaz çoxalıb, mürəbbə bir yana, ləyən də yanıb. Allah cəmi ölənlərimizə rəhmət eləsin”.
Bəs bütün bunlar təsadüfdür, yoxsa insan şüurunun hələ də tam izah edə bilmədiyi məqamlar var? Bu suala hər kəsin öz inancı və həyat təcrübəsi əsasında cavabı var.


