Məktəblərdə “mygov” hesabı ilə bağlı tələbə aydınlıq gətirildi
Məktəblərdə şagirdlər üçün “mygov” hesabının yaradılması ilə bağlı valideynlərə müraciət edilməsi son günlər müzakirələrə və narazılığa səbəb olub. Bir sıra valideynlər məktəb rəhbərliyi və müəllimlər tərəfindən bu hesabların açılması ilə bağlı tələblə üzləşdiklərini, hətta məsələnin israrla gündəmə gətirildiyini bildirirlər. Onlar şagirdlər üçün ayrıca elektron hesab yaradılmasının nə dərəcədə zəruri olduğunu və bu tələbin hansı normativ əsaslara söykəndiyini aydınlaşdırmağa çalışırlar.
Valideynlərin narahatlığını nəzərə alan AFN.az məsələ ilə bağlı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə sorğu ünvanlayıb.
Qurumdan bildirilib ki, mətkəblərdə edilən tələb qaydalara uyğundur.
"Ölkədə rəqəmsal xidmətlərdən istifadənin əhatəliliyinin artırılması, təhsil sahəsində rəqəmsal imkanların inkişaf etdirilməsi istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində ümumi təhsil müəssisələrində şagirdlərin “mygov” platformasında fərdi hesablarının yaradılması ilə bağlı məlumatlandırma aparılır.
Bu təşəbbüsün əsas məqsədi hər bir şagirdin rəqəmsal mühitdə fərdi hesabının formalaşdırılması, təhsillə bağlı məlumatlarına və müvafiq təhsil sənədlərinə daha rahat çıxış imkanının təmin edilməsidir. Fərdi hesabların yaradılması bu xidmətlərdən daha operativ, rahat və əlçatan şəkildə istifadə olunmasına imkan verəcək.
Bu istiqamətdə valideynlərə mobil telefonlarına mygov tətbiqini yükləmək və aktiv istifadə etmək tövsiyə edilir. Yaşı 7 və daha yuxarı olan şagirdlər üçün ayrıca hesabın yaradılması nəzərdə tutulur. Bu istiqamətdə çətinlik yaşayan valideynlərə ümumi təhsil müəssisələrində müvafiq məlumatlar verilir.
Qeyd edək ki, texniki baxımdan bir mobil telefonda bir neçə şagird üçün ayrıca “mygov” hesabı yaratmaq mümkündür" - deyə MÜTDA-dan verilən açıqlamada qeyd edilir.


