Fransada şagirdlər məktəbləri yenidən bağlayıb



Fransada lisey şagirdləri məktəb şəraitinə və yaşayış xərclərinin bahalaşmasına etiraz olaraq təhsil müəssisələrinin girişlərini yenidən bağlayarkən, hökumət ölkə üzrə keçiriləcək yeni tətillərə və aksiyalara hazırlaşır.

AFN.az xəbər verir ki, Fransanın onlarla liseyində şagirdlər iki həftəlik tətilin ardından dərslərə başlamaq əvəzinə məktəblərin girişlərini barrikadalarla bağlayıblar.

Sentyabr ayından davam edən və Prezident Emmanuel Makronun hakimiyyəti dövrünün ən böyük sosial böhranlarından birinə çevrilən aksiyalar təhsil şəraiti və yüksək yaşayış xərcləri səbəbindən daha da genişlənir.

Paris və ətrafı ilə yanaşı, Lill, Tuluza və Marsel kimi şəhərlərdə şagirdlər əvəzedici müəllimlərin sayının artırılması və köhnəlmiş məktəb binalarının təmir edilməsi tələbi ilə məktəblərin girişlərini zibil konteynerləri ilə bağlayıblar. Polis qrupları barrikadaları götürmək üçün müdaxilə edərkən bəzi şagirdləri saxlayıb.

Universitet həmkarlar ittifaqlarının fakültələrdə aksiyalar təşkil etməsi gözlənildiyi halda, işçi və dövlət qulluqçularının həmkarlar ittifaqları cümə axşamı genişmiqyaslı tətilə çağırış ediblər.

Dəmir yolu işçiləri, müəllimlər və özəl sektor əməkdaşlarının da qatılacağı aksiyalarda şagirdlərin tələblərinə dəstək veriləcək, aşağı əməkhaqları və yaşayış xərclərinin bahalaşmasına etiraz ediləcək.

Renouveau Lycéen şagird həmkarlar ittifaqının nümayəndəsi Natanael Kombari hökumətin siniflərdə şagird sayını məhdudlaşdırmaq və universitetlərə müraciət sistemini yenidən nəzərdən keçirmək təkliflərinin yetərsiz olduğunu bildirib.

Kombari hökumətə səslərini çatdırmaq üçün etiraz aksiyalarından başqa seçimlərinin olmadığını ifadə edib.

Milli Təhsil naziri Eduar Jefre isə blokadalar səbəbindən həftələrdir dərs keçə bilməyən buraxılış siniflərinin şagirdləri üçün ilin sonunda keçiriləcək bakalavr imtahanlarının risk altında olduğunu açıqlayıb.

Yüz minlərlə şagirdin tədris proqramından geri qaldığını bildirən Jefre blokadaların qanunsuz olduğunu və əsas prioritetlərinin şagirdlərin siniflərə qayıtmasını təmin etmək olduğunu vurğulayıb.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu